Medianews.az
Pensiya şərti necə yenilənib? –
180 baxış

Pensiya şərti necə yenilənib? – DSMF-dən izahat

Azərbaycanda kişilər 65 yaşda, qadınlar 64 yaş yarımda pensiyaya çıxır. 2026-cı il iyulun 1-dən qadınların da pensiya yaşı 65-ə qalxacaq.

“Əmək pensiyaları haqqında” qanuna görə, pensiya təyinatı üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı gərəkdir. Minimum pensiya kapitalı minimum pensiya göstəricisinin gözlənən pensiya ödənişi müddətinin (12 il) aylarının sayına (144) vurulmasından yaranır, hazırda 46080 manatdır.

2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək hər hansı məbləğdə pensiya kapitalı toplamış şəxsin sosial sığorta stajı avtomatik 25 il hesablanır, əks halda pensiya yaşı çatan şəxsə yaşa görə 220 manat aylıq müavinət verilir. Əmək pensiyasının minimum məbləği 320 manatdır.

Güzəşt olunan 25 il sığorta stajı 2026-cı ildən başlayaraq hər təqvim ili üçün bir il azaldılmaqla nəzərə alınacaq. Bu nə deməkdir? Məsələn, hər hansı məbləğdə pensiya kapitalı toplamış şəxsin sosial sığorta stajı avtomatik 24 il hesablananda nə fərq yaranacaq? Yenilik pensiya məbləğinə necə təsir edəcək?

Medianews.az saytı sualı Dövlət Sosial Müdafiə Fonduna ünvanlayıb.

Qurumun İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Rəşad Mehdili bildirib: “2026-cı ilin yanvarın 1-dən pensiya yaşına çatmış sığortaolunanın 2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-nə qədər olan dövrdə ən kiçik məbləğdə belə pensiya kapitalı və azı 1 il sığorta stajı olduqda ona güzəşt olaraq 24 il sığorta stajı hədiyyə edilir. Nəticədə 25 il stajı formalaşmaqla bu əsasda yaşa görə pensiya hüququ yaranır”.

Medianews.az qeyd edir ki, sosial sığorta stajı (sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun