Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Hamburqdan Moskvaya Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün yola düşəcək.
Oxu.Az xəbər verir ki, Paşinyan Almaniyada rəsmi səfərdə olub və səfər çərçivəsində Almaniya rəhbərliyi ilə görüşlər keçirib.
Baş nazirə Avropa İttifaqı (Aİ) ilə münasibətlərin dərinləşməsi ilə Aİİ strukturlarında iştirakın uyğun olub-olmaması barədə sual ünvanlanıb. Paşinyan bunun arasında ziddiyyət görmədiyini deyib:
"Biz Aİ ilə münasibətləri dərinləşdiririk və buradan Moskvaya uçuram. Burada uyğunsuzluq varmı? Aydındır ki, yoxdur, çünki hər iki proses real şəkildə baş verir. Əgər nə vaxtsa bu proseslərin uyğunsuzluğu açıq şəkildə üzə çıxarsa, onda hansı qərarı verəcəyimiz barədə düşünəcəyik".
Qeyd edək ki, Avrasiya Hökumətlərarası Şurasının iclası dekabrın 11-də Moskvada keçiriləcək.