Medianews.az
Parollarımız risk altındadır — Süni intellekt rahatlıqla tapır
123 baxış

Parollarımız risk altındadır — Süni intellekt rahatlıqla tapır

Süni intellekt texnologiyalarının sürətli inkişafı rəqəmsal təhlükəsizlik sistemlərini ciddi sınaq qarşısında qoyub. Son tədqiqatlar göstərir ki, AI alətləri mürəkkəb kombinasiyalı şifrələri belə saniyələr ərzində təxmin etmək qabiliyyətinə malikdir. Bəs bu texnoloji sıçrayış virtual dünyada tam müdafiəsiz qaldığımız, rəqəmsal təhlükəsizliyin tamamilə sonu çatdığı anlamına gəlir? 

İnformasiya Texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov Demokrat.az-a açıqlamasında deyib ki, bu məsələ rəqəmsal təhlükəsizliyin sona çatması kimi təqdim olunsa da, reallıqda vəziyyət daha fərqlidir:

“Bu süni intellektin qeyri-adi gücünü deyil, daha çox köhnə və zəif sistemlərdə şifrələrin sındırılma müddətini göstərir. Əslində süni intellekt şifrəni birbaşa “oxumur”. O, sadəcə insanların şifrə seçərkən istifadə etdiyi tipik davranış modellərini təhlil edir və milyonlarla ehtimalı çox qısa müddətdə yoxlayaraq düzgün kombinasiya tapmağa çalışır. Məsələn, “ad + doğum ili + simvol” kimi sadə şifrələr bu yanaşma ilə daha asan təxmin oluna bilər. Bununla belə, bu texnologiya təhlükəsizliyi tam şəkildə pozmur. Çünki güclü və təsadüfi şəkildə yaradılmış, uzun və mürəkkəb şifrələr süni intellekt üçün də praktik olaraq çox çətin və vaxt aparan olur. Bundan əlavə, əksər platformalarda ardıcıl səhv girişlərdən sonra hesabın bloklanması kimi təhlükəsizlik mexanizmləri mövcuddur”.

O bildirib ki, daha təhlükəsiz qalmaq üçün bir neçə əsas prinsipə əməl etmək kifayətdir: 

“Uzun və mürəkkəb şifrələrdən istifadə etmək, hər hesab üçün fərqli şifrə seçmək, iki mərhələli təsdiqləməni (2FA) aktivləşdirmək və şifrə menecerlərindən yararlanmaq. Nəticə etibarilə, süni intellekt hücumların sürətini artıra bilər, lakin düzgün kibertəhlükəsizlik vərdişləri ilə istifadəçilər öz məlumatlarını effektiv şəkildə qorumağa davam edə bilərlər”.

Bizə qoşulun