Medianews.az
Özgür Özəl yenə sədrliyə namizəddir
100 baxış

Özgür Özəl yenə sədrliyə namizəddir

Özgür Özəl yenidən Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının sədrliyinə namizəddir. Sədr seçkisi 28-30 noyabra təyin olunmuş qurultayda aparılacaq.

Medianews.az bildirir ki, 1974-cü il təvəllüdlü Özgür Özəl ilk dəfə 4-5 noyabr 2023-cü il qurultayında sədr mandatı alıb. 2025-ci ildə bir qrup partiya üzvü məhkəmə davası açaraq sədr seçkisinə haram qatıldığını iddia edib, qurultayın nəticələrinin etibarsız sayılmasını istəyib.

İddia ortaya çıxan kimi partiya fövqəladə qurultaya gedib və aprelin 6-da Özgür Özəl yenidən sədr seçilib, ancaq bu qurultayın da nəticələrinin ləğvi gündəmə gəlib. Sentyabrın 21-də keçirilən daha bir fövqəladə qurultayda Özgür Özəl üçüncü dəfə sədr seçilib, bu qurultayın da nəticələrinin ləğvi istəyi irəli sürülüb.

Oktyabrın 24-də Ankara Mülki Məhkəməsi qurultayların nəticələrinin ləğvi iddialarını rədd edib.

Özgür Özəl 2011-ci ildən parlament üzvüdür.

Cümhuriyyət Xalq Partiyası 1923-1950, 1963-1965, 1977, 1978-1979-cu illərdə təkbaşına hakimiyyətdə olub, 1961-1962, 1962-1963, 1974-cü illərdə hökumətə ortaqlıq edib, 2002-ci ildən başlayaraq bütün parlament seçkilərində ikinci yeri tutub.

600 nəfərlik parlamentdə - Türkiyə Böyük Millət Məclisində partiyanın 138 mandatı var. 2024-cü ilin yerli seçkilərinin qalibi olan partiyanın təmsilçiləri 13 böyük şəhər, 21 şəhər, 300 rayon, 63 qəsəbədə bələdiyyə başçısıdır.

2025-ci ilin yazından, partiya üzvü Əkrəm İmamoğlunu prezidentliyə namizəd irəli sürmək təşəbbüsündən bəri qurum basqı altındadır. Əkrəm İmamoğlu İstanbul Universitetini biznes idarəçiliyi (bakalavr) və insan resurslarının idarə edilməsi (magistr) ixtisasları ilə bitirib. 2019 və 2024-cü illərdə İstanbul bələdiyyəsinin başçısı seçilib. 2025-ci ildə partiya onu prezidentliyə namizədi elan etmək qərarına gəlib, martın 23-nə ümumpartiya səsverməsi təyin olunub.

Martın 18-də İstanbul Universiteti Əkrəm İmamoğlunun bakalavr diplomunun geri alınması qərarı verib, martın 19-da Əkrəm İmamoğlu müxtəlif ağır cinayətlər üzrə həbs dalğası çərçivəsində tutulub, martın 23-də bələdiyyə başçısı postundan götürülüb. Bu, kəskin etirazlara, kütləvi aksiyalara səbəb olub. Martın 23-də ölkə boyu təşkil edilən ümumpartiya səsverməsinə başqa siyasi qüvvələr və ictimaiyyət təmsilçiləri də qatılıb, Əkrəm İmamoğlu ümumilikdə 15,5 milyon səs alıb. Martın 27-də partiya onu rəsmən prezidentliyə namizədi elan edib və növbədənkənar seçkilər tələbi qoyub. Qarşıdurma dalğasında başqa partiya təmsilçiləri, o cümlədən bir çox bələdiyyə başçısı tutulub. İyulun 28-də İstanbul Universiteti Əkrəm İmamoğlunun magistr diplomunu da ləğv edib.

Konstitusiyaya görə, yalnız ali təhsilli şəxs Türkiyə prezidentliyinə namizəd ola bilər.

Türkiyədə prezident və parlament seçkiləri beş ildən bir eyni gündə keçirilir. Son qoşa seçki 2023-cü il mayın 14-də olub, parlament formalaşıb, prezident seçkisi ikinci turda - mayın 28-də bitib.

Türkiyə Böyük Millət Məclisinin 360 səslə növbədənkənar seçkiyə qərar vermək hüququ var. Bu halda qoşa seçki qaydası tətbiq olunacaq və indiki dövlət başçısı Rəcəb Teyyub Ərdoğan bir daha prezidentliyə namizəd ola biləcək.

2018-ci ildən prezident həm də hökumət başçısıdır. Heç kim iki dəfədən artıq prezident seçilə bilməz.

Ədalət və İnkişaf Partiyasının sədri olan Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən baş nazirlik edib, 2014 və 2018-ci illərdə prezident seçilib. İki dəfədən artıq seçilməyə məhdudiyyət 2018-ci ildən hesablandığı üçün Rəcəb Teyyub Ərdoğan 2023-cü ildə də prezident mandatı alıb.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun