Medianews.az
“Onlar rəqs etmək, sərxoş olmaq və yaratmaq istəyirdilər” –
54 baxış

“Onlar rəqs etmək, sərxoş olmaq və yaratmaq istəyirdilər” – “Məhsəti” danışdı

“Mən bu yazıda nə tarixi şəxsiyyət Məhsəti Gəncəvinin, nə də filmdə canlandırdığım Mina obrazının əxlaqını müzakirə edəcəyəm. Sizə bu həngamənin niyə yaranmasının qısa və təvəzökar izahını açıqlayacağam. Xahiş edirəm yazdıqlarımı əyib-bükmədən götürüb paylaşasınız”.

Bunu “Məhsəti” filmində baş rolu ifa edən aktirsa Fərqanə Abdulla sosial media hesabında yazıb.

O bildirib ki, özünün və canlandırdığı obrazın əxlaqı haqqında şübhəsi yoxdur:

“İlk növbədə, filmin qısa sinopsisindən və mənim aktrisa kimi obrazım haqqında nələr hiss etdiyimdən söhbət açım. “Məhsəti” filmi gənc aktrisa Minanın “Məhsəti” tamaşasına hazırlanmasından bəhs edir. Bu gənc aktrisa belə dərin və çoxşaxəli obrazı canlandırmaq üçün öz sərhədlərini çeynəyir və filmdə biz onun bu səyahətini izləyirik.

Bir aktrisa olaraq ilk dəfə bu təklifi alanda fərqli bir obraz olduğu üçün çox həyəcanlanmışdım, amma narahatlıq da keçirirdim. Çünki mən də canlandırdığım Mina obrazı kimi öz sərhədlərimi çeynəməliydim. Gözləmirdim ki, Məhsətini, Minanı və məni sosial media meydanına çıxarıb orta əsrlərdəki kimi daşlayacaqlar. Çünki nə mənim əxlaqıma, nə canlandırığım obrazın əxlaqına şübhəm var. Mənim dəyərlərim kişi hegemoniyasıyla üst-üstə düşmür…”.

Aktrisa qeyd edib ki, Məhsəti Gəncəvi də əylənmək, sərxoş olmaq, sevişmək istəyən qadınlardan biri idi:

“İndi isə gəlin məsələnin əxlaq keşikçiliyinə. Təəssüf ki, dünya elə Məhsəti Gəncəvinin dövründən, hətta daha öncədən bu günə kimi qadın düşmənçiliyindən əziyyət çəkir. Qadınlar öz təbiətlərinə görə vəhşi, qorxulu məxluq, əhilləşdirilməli bir canlı kimi görülür. Onlar erkən yaşdan etibarən cəmiyyət, ailə  tərəfindən müəyyən rollara girməyə məcbur edilirlər. Bu rollara sığmayanları isə meydanlara çıxarıb daşlayır, yandırır, ölüsündən belə qisas alırlar. Patriarxiyanın qadınlara biçdiyi cəmi 2 rol var:

1. Bakirə qalıb, bir kişiylə evlənib uşaq doğan qadın (müqəddəs ailə ocağının qoruyucusu),

2. Bu xətti davam etdirə bilməyib, bədənini satan qadın (kişilərin arzu və şəhvətlərinin qurbanı).

Bir də bu rollara sığa bilməyən, özünü axtarmaq, tapmaq və yenidən yaratmaq istəyən qadınlar var. Onlar sadəcə bu əsrdə deyil, hər dövrdə var idilər və var olacaqlar da. Məhsəti Gəncəvi də onlardan biriydi. Onlar sadəcə rəqs etmək, əylənmək, sərxoş olmaq, sevişmək və yaratmaq istəyirdilər. Hər hansısa orta statistik kişinin etdiyi kimi… Amma bunu qadınlar etdiyi üçün “əxlaqsız” damğası vurmaq necə bir ikiüzlülükdür?”.

Qeyd edək ki, Rejissoru Suad Qara (Suada Qarayeva) olan “Məhsəti” filmi Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkil etdiyi “Baku Cinema Breeze 25” film festivalı çərçivəsində keçiriləcək Bakı Beynəlxalq Film Festivalının proqramından çıxarılıb. Mədəniyyət Nazirliyi və Kino Agentliyi isə məlumat yayaraq bildirib ki, ekran əsərinin baş rolu olan şairə Məhsəti Gəncəvi filmdə əxlaqsız obraz kimi təsvir olunub. Bu ilin mayında aktrisa Fərqanə Abdullanın rol aldığı “Məhsəti” filminin premyerası Kaliforniyada keçirilən “Mammoth Lakes” Beynəlxalq Film Festivalında baş tutub. Filmin rejissoru Suad Qara keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin qızıdır.

Bizə qoşulun