Alimlər Taylandda Cənub-Şərqi Asiyada indiyədək tapılmış ən böyük dinozavr növlərindən birini aşkar ediblər.
Medianews.az xəbər verir ki, yeni növə “Nagatitan chaiyaphumensis” adı verilib.
Araşdırmaya görə, dinozavrın uzunluğu təxminən 27 metr, çəkisi isə 27 ton olub. Mütəxəssislər onun ölçüsünün məşhur T-Rex-dən (tirannozavr) təxminən iki dəfə böyük olduğunu bildirirlər.
Bitki ilə qidalanan bu nəhəng dinozavr sauropod ailəsinə aid olub. Fosillər Taylandın Çaiyafum bölgəsində aşkarlanıb.
Alimlər hesab edirlər ki, bu, bölgədə tapılan son böyük dinozavr növlərindən biri ola bilər. Səbəb isə həmin dövrdən sonrakı geoloji qatların dəniz altında qalmasıdır.
Tədqiqat müəllifləri bildirirlər ki, bölgədə hələ araşdırılmamış çoxlu dinozavr fosili mövcuddur və gələcəkdə yeni növlərin aşkarlanması mümkündür.
Medianews.az