Sovet dövründə Azərbaycan şairləri arasında guya Məhəmməd Hadinin halına acımaq istiqamətli nəzm quraşdırma dəbi vardı. Hadi kasıbçılıq üzündən şeirlərini satırmış – bu mifdir, ya gerçəkdir, düzü, xəbərim yoxdur, ancaq bizim şairlər bu temanı sözün əsl mənasında istismar edirdilər. Özünə hörmət qoyan-qoymayan hər kəs Hadinin şeir sataraq dolanmasından ən azı bir-iki misra şappıldatmalı idi. Hətta qələmini sovet-kommunist rejiminə satıb yaltaq mədhiyyələr quraşdıran şairlərin də bu mövzuda şeirləri olmalıydı. Sanki dövlət səviyyəsində tapşırıq verilmişdi. (Bəlkə həqiqətən elə tapşırıq vardı, çünki sovet inqilabından qabaq xalqın bütün zümrələri kimi, şairlərin də ac-yalavac dolanmağı qələmə alınmalıydı).
Bu yaxınlarda Binəqədi rayonu ərazisində küçədən neft çıxmağı haqqında xəbər yayılmışdı. Əlbəttə, bunun Hadi ilə əlaqəsini soruşsanız, çox dolayı bir əlaqə vardır. Bizim camaat təkcə kağızüstü və ağıziçi söz ehtiyatlarından səmərəli istifadə etməkdə çətinlik çəkmir. Bizim yeraltı ehtiyatlara münasibətimiz də yanlışdır. Küçədən neft çıxır, təşvişə düşürlər. Halbuki, hökumət həmin nefti görsə, aparıb satır, bəy kimi yaşayır – adı “qulluqçu” getməsinə baxmayaraq. (Ümumiyyətlə, bizim dövlət, xalq dünyada analoqu olmayan sistemə malikdir – onun qulluqçuları özündən min dəfə artıq pul alırlar).
Bəlkə ona görə xalqın hərdənbir, domino oynayanda, elçiliyə gedəndə, nə bilim, avtobus gecikəndə siyasətə qarışmaq cəhdini hökumət gülüşlə qarşılayır, yüz faiz əmindirlər ki, camaatın “biz də neftdən pay istəyirik” arzuları qısır, xəstə, süddən (oxu: neftdən) yanıq arzulardır. Neftdən pay istəyən, nefti küçədə görəndə özünü niyə itirib əl-ayağa düşür?
Lap təzə xəbər var: Dübəndi-Zirə tərəflərdə neft ləkəsi bütün çimərliyi zay eləyib. Ciddi ekoloji fəlakət idi, lakin bunun məsuliyyətini heç kəs daşımayacaqdır. Rəsmi idarənin açıqlamasına görə, orda sualtı neft kəmərini hansısa gəminin lövbərlə deşdiyi, cırdığı söyləndi, hərçənd, indiki naviqasiya, peyk sistemləri şəraitində lövbər atan və atmayan istənilən gəminin dünyanın harasında, hansı deşiyində olduğunu tapmaq su içmək qədər asandır. O zaman idarə niyə anonim gəmilərdən və şübhələrdən dəm vurur? Camaat okeanda, açıq dənizlərdə boruların vəziyyətini izləyir, biz qapalı hövzədə çətinlik çəkirik. Guya.
Hərçənd, haşiyə olaraq qeyd edim ki, hökumətin günahkarı tapmaqda çətinlik çəkməsini hardasa qəbul etmək mümkündür. Nəyə görə? Yadınıza salın, keçən il təxminən elə o istiqamətdə, Hövsandakı dəniz limanının sahibi, müdiri, gömrüyün rəisi-filan başda olmaqla bir qrup şəxsi tutmuşdular. Sən demə, bu yoldaşlar qaçaqmalçılığın, sərhəd pozuculuğunun, başqa qeyri-qanuni əməllərin qarşısını almaq əvəzinə, özləri bu işləri görürmüş. Ən son fakt əllərində 5 milyon manatlıq qaçaq siqaret tutulmasıydı.
İndi düşünün, əgər nəzarətçi oğru çıxırsa, kəməri deşəni kim tapsın? Neft ləkəsi cinayətində də ən yaxşı halda hansısa suitini tutub 10 il həbs vermək lazımdır. Ya da qağayını cərimələsinlər. Başqa nə etmək olar? Heç zad.
Yazının əvvəlinə dönsək, lap neft ləkəsini birinci görüb səs-küy salan vətəndaşı da cərimələmək lazımdır. Rəhmətliyin oğlu, neft özü öz ayağıyla sənin qapına gəlib, sən naz edirsən. Camaat milyarder olardı, sənin yerinə...
Hətta media idarəsi o cür neməti “ləkə” adlandıran jurnalistləri cəzalandırmalıdır, deməlidir, ləkə sizin özünüzsünüz, neftin ləkəsi olmur.
Zamin HACI