Yadplanetlilər nə vaxtsa Yerə gəlsələr, böyük ehtimalla insanların yediyi qidaları qəbul etməyəcəklər. Alimlərin fikrincə, bizim üçün tamamilə təhlükəsiz olan qidalar onların orqanizmi üçün ölümcül ola bilər. Hətta ehtimal olunur ki, onlar qida əvəzinə yalnız sadə kimyəvi elementlərlə və ya enerji ilə qidalana bilərlər.
Medianews.az xəbər verir ki, bu barədə İspaniyanın Valensiya Universitetinin qidalanma üzrə professoru Xose Migel Soriano del Kastilyo danışıb.
Alimin sözlərinə görə, Dünya yadplanetlilər üçün olduqca təhlükəli yer ola bilər. O bildirib ki, biologiyamız müəyyən qədər oxşar olsa belə, insanların rahatlıqla qəbul etdiyi qidaların başqa planetdən gələn canlıların həzm sistemi üçün uyğun olacağına heç kim zəmanət verə bilməz. Əksinə, həmin qidalar onların orqanizmi üçün zəhərli və ya ölümcül təsir göstərə bilər.
Professor hesab edir ki, əgər yadplanetlilər Yerə gəlsələr, onlar daha çox su, azot, fosfor, dəmir, müxtəlif duzlar, lipidlər və sadə üzvi molekullar kimi xammaldan istifadə etməyə üstünlük verə bilərlər. Bu maddələr onların həyat fəaliyyətini davam etdirməsi üçün daha uyğun ola bilər.
Tədqiqatçı uzun illərdir yayılan və yadplanetlilərin inəkləri oğurlaması ilə bağlı məşhur iddiaların da müəyyən elmi izahının ola biləcəyini istisna etmir. Onun fikrincə, Yer heyvanlarının mürəkkəb həzm sistemi başqa planetdən gələn ağıllı canlılar üçün maraqlı tədqiqat obyekti ola bilər. Bu səbəbdən belə heyvanları öyrənmək üçün aparmaları nəzəri baxımdan mümkündür.
Alim qeyd edir ki, Yer mühiti yadplanetlilər üçün çoxlu təhlükələr də daşıyır. Buradakı bakteriyalar, viruslar, allergenlər və digər toksik maddələr onların orqanizmi üçün ciddi risk yarada bilər. Hətta insanların qəbul etdiyi zülallar və şəkərlər belə, fərqli maddələr mübadiləsinə malik canlılar üçün tamamilə yararsız və ya ölümcül ola bilər.
Mütəxəssislər hesablayıblar ki, əgər yadplanetlinin çəkisi təxminən 70 kiloqram olarsa, onun gündəlik minimum enerji ehtiyacı 1700 kilokalori təşkil edə bilər. Çəkisi 150 kiloqram olan canlı isə həyat fəaliyyətini qorumaq üçün gündə 3000 kilokaloridən çox enerji qəbul etməli ola bilər. Bununla belə, bu hesablamalar yalnız Yer üzərindəki biologiya qanunlarına əsaslanan nəzəri modellərdir.
Professor daha maraqlı ehtimalı da istisna etmir. Onun sözlərinə görə, bəşəriyyətin ilk təması bioloji canlılarla deyil, robotlaşdırılmış kosmik zondlarla baş tuta bilər. Əgər yüksək inkişaf etmiş sivilizasiyalar zamanla sintetik varlıqlara çevriliblərsə, onların qidaya ehtiyacı olmaya bilər. Belə sistemlər enerji mənbəyi kimi elektrikdən, istilikdən və ya nüvə enerjisindən istifadə edə bilər.
Alimlər həmçinin xatırladırlar ki, Süd Yolunda 200-400 milyard ulduzun mövcud olmasına baxmayaraq, indiyədək yadplanetli həyatın mövcudluğunu təsdiqləyən heç bir sübut əldə edilməyib. Bu ziddiyyət 1950-ci ildə italyan fiziki Enriko Fermi tərəfindən irəli sürülən məşhur "Fermi paradoksu" ilə izah olunur. Paradoksa görə, kainatda bu qədər çox ulduz və potensial yaşayış zonası olduğu halda, niyə hələ də heç bir yadplanetli sivilizasiya ilə əlaqə qurulmayıb?
Bəzi alimlər hesab edirlər ki, yüksək inkişaf etmiş sivilizasiyalar texnoloji inkişaf nəticəsində özlərini məhv edirlər. Digər nəzəriyyələr isə yadplanetli sivilizasiyaların Yerə qəsdən müdaxilə etmədiyini, bəşəriyyətin təbii inkişafını izlədiyini irəli sürür./Lent.az