Medianews.az
Azərbaycanda "yay qripi" yayıldı:
114 baxış

Azərbaycanda "yay qripi" yayıldı: Kondisioner yoluxdurur

Azərbaycanda insanlar arasında virus yayılıb. Bir çox adam halsızlıq və yüksək hərarət, öskürək, burun axması fonunda xəstəlik keçirir.

Bəs görəsən, bu virus nədir? O günvarmadan yaranır, yoxsa mövsümi xəstəlikdir? Yay aylarında qrip virusuna qarşı peyvənd vurdurmaq olarmı?

Medianews.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu, “yay qripi” adlanan xəstəliyin əlamətləridir:

Təyyar Eyvazov:

“Yay qripi” kimi tanınan hallar və günvurma yüksək hərarət və halsızlıqla müşayiət oluna bilsə də, onları fərqləndirən əsas əlamətlər mövcuddur. Günvurma birbaşa günəş şüaları altında və ya bürkü, pis havalandırılan isti məkanda uzun müddət qalmaq nəticəsində yaranır. Bu zaman asqırma, burun axması, boğaz ağrısı və ya öskürək müşahidə edilmir. Əsas əlamətlər baş ağrısı, ürəkbulanma, qusma, dərinin qızarması və bədən temperaturunun yüksəlməsidir. Günvurma yoluxucu deyil və insandan insana keçmir.

Yay aylarında müşahidə olunan respirator virus infeksiyaları isə boğaz ağrısı, burun tıxanıqlığı və ya axması, əzələ ağrıları, öskürək və hərarətlə müşayiət oluna bilər. Yay mövsümündə kondisionerlərdən düzgün istifadə edilməməsi, otaq və açıq hava arasında kəskin temperatur fərqi, qapalı və izdihamlı məkanlarda yaxın təmas kimi amillər xəstələnmə riskini artıra bilər. Bu infeksiyalar əsasən hava-damcı yolu ilə yayılır.

Qorunmaq üçün bir neçə sadə qaydaya əməl etmək tövsiyə olunur. Otaq temperaturu ilə çöldəki temperatur arasındakı fərqin çox böyük olmamasına diqqət yetirilməli, kondisionerin havasının birbaşa bədənə yönəlməsinin qarşısı alınmalı və cihazların filtrləri mütəmadi təmizlənməlidir.

Gün ərzində kifayət qədər maye qəbul etmək, həddindən artıq soyuq və buzlu içkilərdən çəkinmək, ictimai yerlərdən qayıtdıqdan sonra əlləri sabunla yumaq və xəstəlik əlamətləri olan şəxslərlə yaxın təmasdan mümkün qədər yayınmaq tövsiyə edilir”.

Mütəxəssis qeyd edib ki, qrip peyvəndi əsasən payız mövsümündə, sentyabr-oktyabr aylarında tətbiq olunur:

“Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, qripə qarşı vaksinlərin tərkibi hər il dövr edən virus ştamlarına uyğun olaraq yenilənir. Regionumuzda qrip peyvəndi əsasən payız mövsümündə, sentyabr-oktyabr aylarında tətbiq olunur. Əvvəlki mövsüm üçün nəzərdə tutulmuş peyvənd cari mövsümdə dövr edən virus ştamlarına qarşı tam uyğun olmaya bilər. Bu səbəbdən qripə qarşı vaksinasiya ilə bağlı ən uyğun vaxt və tövsiyələr barədə həkimlə məsləhətləşmək məqsədəuyğundur.

Hazırda yay aylarında qeydə alınan respirator infeksiyaların əhəmiyyətli hissəsi qrip virusu ilə deyil, digər tənəffüs yolu virusları ilə əlaqədar olur. Bu virusların bir çoxuna qarşı spesifik peyvənd mövcud deyil. Ona görə də bu dövrdə şəxsi gigiyena qaydalarına riayət etmək, balanslı qidalanmaq və orqanizmi kəskin temperatur dəyişikliklərindən qorumaq əsas profilaktik tədbirlər hesab olunur.

Əgər yüksək hərarət üç gündən artıq davam edərsə və ya vəziyyət pisləşərsə, həkimə müraciət etmək tövsiyə olunur”.

Bizə qoşulun