Medianews.az
Nasistlərin “Qarğa körpüsü” -
64 baxış

Nasistlərin “Qarğa körpüsü” - Qadınlar üzərində dəhşətli tədqiqatlar aparılıb

1933-cü ilin payızında Hannover (Almaniyanın Aşağı Saksoniya əyalətinin paytaxtı) yaxınlığındakı Moringen şəhərində ilk qadın konsentrasiya düşərgəsi yaradılıb. Bundan sonra qabaqlayıcı həbs tədbirləri, yəni istintaq və ya məhkəmə qərarı olmadan həbs qərarları qadınlara da şamil edilib. Lakin o zaman Moringen hələ Konsentrasiya Düşərgələri Müfəttişliyinin yurisdiksiyasında olmayıb və faktiki olaraq konslager sayılmayıb. Onu yerli administrasiya rəsmiləri idarə edib.

1934-cü ilin sonunda müxalifəti yatırmaq üçün konsentrasiya düşərgələrinə ehtiyac aradan qalxsa da, Hitler mövcud sistemin saxlanmasının tərəfdarı olub, hətta onun təkmilləşdirilməsi və genişləndirilməsini müdafiə edib. Nəticədə onlar siyasi repressiya vasitəsindən nasist sosial-iqtisadi siyasətinin həyata keçirilməsi alətinə çevriliblər. Onların köməyi ilə cəmiyyət “ən pis insan materialından xilas olub”.

qad-1.jpeg (140 KB)

1937-ci ilin dekabrında Lixtenburq qəsrində yerləşən yeni qadın konsentrasiya düşərgəsi açılıb. Bu düşərgə artıq konsentrasiya düşərgələrinin vahid sisteminin bir hissəsinə çevrilib. Qeyd edək ki, bu sistem dövlət orqanlarına tabe olmayıb və bütünlüklə Konsentrasiya Düşərgələri Müfəttişliyinə tabe olub. Lakin qadın məhbusların sayı artıb və bu, SS Obergruppenführer və general Osvald Polu Berlin yaxınlığında yeni bir qadın düşərgəsi yaratmağa sövq edib.

Bu da tarixə Ravensbrük həbs düşərgəsi adı ilə düşüb. Düşərgə yaxınlıqda geniş dəmir yolu şəbəkəsi qurulub və o, məskunlaşma ərazilərdən uzaq salınıb. “SS” rəhbərliyi ərazinin bataqlıqla əhatə olunmasından qətiyyən narahat olmayıb. Bu, məhbusların sağlamlığına ciddi təsir edib: “torpaq insanları yeyib” və bədənlərində yaralar buraxıb.

qad-2.jpeg (150 KB)

1938-ci ilin noyabrında Zaksenhauzen düşərgəsindən məhbuslar 3000 nəfərin yerləşdirilməsi nəzərdə tutulan Ravensbrük tikintisində işləmək üçün göndərilib. 1940-cı ilə qədər düşərgədə 14 yaşayış və 2 xəstəxana kazarması, həmçinin mətbəx və camaşırxanası olan kommunal blok tikilib. 1941-ci ilin payızında düşərgə ərazisi genişləndirilib. Hərfi mənada “Qarğa körpüsü” mənasını verən düşərgədə 120 məhbus üçün nəzərdə tutulmuş kazarmalarda 800-900 nəfər saxlanılıb. 1939-cu ildən 1945-ci ilə qədər düşərgədə məhbus kimi 132.000 qadın və uşaq, 20.000 kişi və 1000 qız olub.

Ravensbrükdə 40-dan çox millətdən olan məhbuslar saxlanılıb və onların zolaqlı paltarlar və taxta başmaqlar verilib. Sol qolda düşərgə nömrəsi və bir işarə olub - düşərgə nömrəsinin üstündə tikilmiş və kateqoriyaya görə rənglənmiş üçbucaqlı nişan: siyasi məhbuslar və müqavimət döyüşçüləri üçün qırmızı, yəhudilər üçün sarı, adi cinayətkarlar üçün yaşıl, Yehovanın Şahidləri üçün bənövşəyi, qara isə fahişələr, lezbiyanlar və oğrular üçün olub.

qad-4.jpeg (123 KB)

Müxtəlif hesablamalara görə, konsentrasiya düşərgəsində 92 000 arasında insan öldürülüb. Ölümün əsas səbəbləri qida çatışmazlığı, yorğun əmək, məhbusların icazə veriləndən dəfələrlə çox yerləşdirilməsi nəticəsində yaranan son dərəcə pis sanitar-gigiyenik şərait və düşərgə işçiləri tərəfindən məhbuslara qarşı sistemli vəhşicəsinə zorakılıq olub.

Ayda iki dəfə məhbuslar məhv edilmək üçün seçilib. İşə yararsız hesab edilən məhbuslar başlarının arxasına güllə ilə edam ediliblər. Bəzən isə nasistlər düşərgədə hər gün 50-yə qədər insanı yerlər boşalsın deyə öldürüblər. Məhkumlar Auşvitz və digər ölüm düşərgələrinə də aparılıb. Məsələn, 1942-ci ilin martından aprel ayına qədər Ravensbrükdən olan təxminən 1600 “seçilmiş” qadın uşaqları ilə birlikdə Bernburqdakı qaz kameralarında öldürülüb.

qad-3.jpeg (117 KB)

1942-ci ilin avqustundan 1943-cü ilin əvvəlinə qədər Polşa aristokratlarının, yüksək rütbəli zabitlərin arvadlarının və Baş Qərargah zabitlərinin kütləvi edamları həyata keçirilib - 700 nəfər güllələnib. “Action 14f13” adlı tədbirin bir hissəsi olaraq Ravensbrükdə məhbusların kütləvi şəkildə məhv edilməsi baş verib. 1943-1944-cü illərdə bir çox məhbus fenolin inyeksiyasından ölüb. 1943-cü ilin payızında konsentrasiya düşərgəsi üçün krematoriya tikilib və insan külləri Şvedtsee gölünə atılıb. Professor Karl Gebhardt, digərləri ilə yanaşı, qadınlar üzərində dəhşətli təcrübələr aparıb. O, məhbusun sağlam ayağını kəsərək sümüklərini və vətərlərini zədələyib, sonra onları yenidən birləşdirib.

Başqa bir təcrübədə qadınların dərisi də kəsilib, patogenlər qəsdən yaraya daxil edilib, sonra şüşə qırıqları və ya yonqar kimi yad əşyalar implantasiya edilib. Bu yolla, iltihabi proseslər diqqətlə izlənib, onları müalicə etmək üçün müxtəlif üsulları sınanıb.

qad-5.jpeg (109 KB)

Ginekoloq Karl Klauberq tez və ucuz sterilizasiya üsulunu yaratmaq istəyib. Nasist ideologiyasına görə, digər irqlər qul əməyini yerinə yetirməlidir, lakin çoxalmamalıdır. Dəhşətli həkim qadınları əməliyyat olmadan hamilə qalmaq imkanından məhrum etmək üçün bir yol axtarıb. O, uşaqlıq borularına kostik maye yeridib, bu da şiddətli iltihab və sonsuzluğa səbəb olub. Bu təcrübə 10 yaşından kiçik qızlar da daxil olmaqla 160 qadın məhbus üzərində aparılıb. Bəzən döllər hələ sağ ikən çıxarılıb və sonra məhv edilib. Məhbusların işgəncələri isə 30 aprel 1945-ci ildə bitib.

İlkin Nəcəf, Musavat.com 

Bizə qoşulun