Son günlər efirlərdə müğənnilər arasında mahnıya görə mübahisələr düşür.İfaçılar bir-birlərini onlara məxsus olduğu mahnını icazəsiz oxumaqda ittiham edirlər.
Son günlər Əməkdar artist Mətanət İsgəndərli ilə gənc ifaçılar Səma və Səbinə bacıları arasında "Dərd verdin" mahnısı üzərində qalmaqal yaşanır.
Mətanət İsgəndərli bacıları bu mahnını icazəsiz oxumaqda ittiham edir və onlara qadağa qoyduğunu bildirir.
Müğənnilər arasında mahnıya görə yaranan mübahisələr, xüsusilə “mahnını oxumağa qadağa qoyulması” halları son illər daha çox müşahidə olunur. Tez-tez soruşulan sual budur: Mahnı kimindir – müğənninin, bəstəkarın, yoxsa söz müəllifinin? Sualın cavabı yalnız musiqi fəaliyyətindən deyil, birbaşa müəlliflik hüququndan asılıdır.
Oxu24.com suallara aydınlıq gətirmək məqsədi ilə hüquqşünas Ellada Bayramova ilə əlaqə saxlayıb.


Hüquqşünasın sözlərinə görə,Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunu qəbul edir ki, mahnı üzərində hüquqlar bir neçə subyektə aid ola bilər və bu hüquqların toqquşması mübahisələrin əsasını təşkil edir.
Əsəri kim yaradır?
Qanuna görə (m. 5, 6), mahnı aşağıdakı yaradıcı fəaliyyətlərin birgə nəticəsidir:
Bəstəkar, söz müəllifi, müğənni / ifaçı
Mahnının müəllifi müğənni deyil. Müğənni yalnız ifaçıdır və onun hüququ mətnə və musiqiyə deyil, yalnız öz ifasına aiddir.
Müğənni mahnını oxumağa qadağa qoya bilərmi?
Müğənni mahnı üzərində müəlliflik hüququna malik olmadığı üçün bəstəkarın və ya söz müəllifinin icazəsi olmadan mahnını kiməsə qadağan etmək səlahiyyətinə sahib deyil.
Müğənni yalnız aşağıdakı halda qadağa tələbi irəli sürə bilər: Onun öz ifası başqa şəxslər tərəfindən kommersiya məqsədi ilə kopyalanır, yayımlanırsa – bu zaman müğənninin əlaqəli hüquqları pozulur (m. 38, 39).
Lakin müğənni mahnını digər ifaçılara qadağan edə bilməz, çünki əsərin sahibi o deyil.
Mahnının kommersiya istifadəsində kimin icazəsi lazımdır?
Mahnını if etmək, səsləndirmək, yazmaq, yayımlamaq, reklamda istifadə etmək, satmaq və s. üçün aşağıdakılardan razılıq alınmalıdır:
İcazə alınmalı şəxslər: Nədən icazə
Bəstəkardan - Musiqinin istifadəsinə görə
Söz müəllifindən- Mətnin istifadəsinə görə
İfaçı (müğənni) Onun konkret ifasının istifadəsinə görə
İfaçının icazəsi yalnız onun ifası satılacağı halda tələb olunur. Lakin əsəri yenidən başqa müğənni oxuyacaqsa, bəstəkar və söz müəllifinin icazəsi kifayətdir.
Müəlliflik hüququnun qorunma müddəti neçə ildir?
Bəstəkar və söz müəllifi üçün bu müddət müəllifin ölümündən sonra 70 il müddətə nəzərdə tutulub.
Müğənni (ifaçı hüququ)İfanın yarandığı gündən 50 il .
Bu müddətlər bitdikdən sonra mahnı ictimai sərvətə çevrilir.
Mübahisədən qorunmaq üçün müqavilə tələbi
Peşəkar fəaliyyət üçün məcburi müqavilə olmalıdır:
Mahnının yaradılması barədə müəlliflərlə sifariş müqaviləsi,
Müğənni ilə ifaya görə qonorar və səlahiyyət müqaviləsi səs yazısı studiyası ilə reklam və kommersiya hüquqları müqaviləsi
Müqavilədə aşağıdakılar aydın göstərilməlidir ki, əsərin sahibi kimdir, istifadə səlahiyyəti kimə verilir, qadağa hüququ kimdədir, gəlir bölgüsü nisbəti
Hüquqi reallıq açıq şəkildə göstərir ki:
Mahnının müəllifi müğənni deyil.
Mahnı üzərində müəlliflik hüququ bəstəkar və söz müəllifinə məxsusdur. Müğənninin hüquqları yalnız ifa ilə məhdudlaşır və həmin ifanın istifadəsinə aiddir.
Bu səbəbdən müğənnilər arasında mahnıya görə yaranan qadağa mübahisələri çox vaxt hüquqi əsasdan məhrum olur və yalnız müqavilə bağlandıqda qanuni qüvvə kəsb edir.