Braziliyada muzey rəhbəri idman zalında vəfat edib.
Braziliyanın mədəniyyət xadimi və muzey rəhbəri, 55 yaşlı Ronald Jose Salvador Monteneqro dekabrın 1-də Olindadakı "RW Academia"da baş verən bədbəxt hadisə nəticəsində həyatını itirib.
O, "bench-press" məşqi zamanı avadanlığın əlindən sürüşməsi ilə yaralanıb və xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Hadisə polis tərəfindən araşdırılaraq təsadüfi qəza kimi qeydə alınıb. Monteneqro Olindanın nəhəng kuklalar ənənəsini qoruyan Palacio dos Bonecos Qiqantes mərkəzinin rəhbəri idi və şəhərin məşhur karnaval irsinin yaşadılmasında əsas fiqurlardan sayılırdı.
Mədəniyyət mərkəzi onu yaradıcı, fədakar və ənənələrin qorunmasına böyük töhfə verən şəxs kimi təsvir edərək 5 dekabradək fəaliyyətini dayandırıb. "RW Academia" da bəyanat yayaraq dərindən kədərləndiklərini və ailəyə dəstək göstərməyə hazır olduqlarını bildirib./milli.az/