Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistan parlamentinin sədri Alen Simonyanın Moskvadakı görüşü gərgin keçib.
Məsələ ilə bağlı Medianews.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib ki, əslində bu gərginliyə hər iki şəxs hazır idi: “Alen Simonyan baş nazir Nikol Paşinyanın ən sadiq tərəfdarıdır, ölkəsində Rusiyanın ən sərt tənqidçilərindəndir.
Lavrov bunu bildiyindən Moskvanın İrəvanın siyasətindən narazılığını birbaşa Simonyana söyləyib. Lavrov Simonyana deyib ki, Ermənistan Avrasiya İqtisadi Birliyindəki üzvlüyündən faydalandığı halda Avropa İttifaqına üzvlük istəyi iki ölkə arasındakı münasibətlərə mənfi təsir edəcək.
Lavrov bunu yalnız iqtisadi amillərlə izah etməyib. Rusiyalı diplomatın sözlərinə görə, İrəvan Avropa standartlarını mənimsəməyi qəbul etsə, Ermənistan Avropa İttifaqının Rusiyaya qarşı sərt siyasətinə qoşulmalı olacaq.
“Ermənistan Rusiyanın müttəfiqidir” – xatırlatmasını edən Lavrovun sonrakı cümləsi mübahisəlidir. O deyib ki, Rusiya Cənubi Qafqazda vəziyyətin nə qədər mürəkkəb olduğunu görür”.
E.Şahinoğlu vurğulayıb ki, Lavrovun dediklərinin əksinə olaraq Cənubi Qafqaz mürəkkəb vəziyyət arxada qalıb, Azərbaycanla Ermənistan arasında sülh quruculuğu genişlənib: “Lavrovun Simonyanla görüşündə rusiyalı diplomatın Cənubi Qafqazda sülh prosesindən məmnun qaldığına dair cümləsinə rast gəlmədim. Halbuki hazırda sülh quruculuğundan Rusiya da faydalanır, taxılını dəmiryolu ilə Azərbaycandan Ermənistana ixrac edə bilir”.
Nailə Qasımova,
Medianews.az