ABŞ ilə İsrailin fevralın 28-dən İrana qarşı başlatdığı hərbi əməliyyatlar indiyədək neçə nəfərin ölümünə səbəb olub?
Medianews.az suala aydınlıq gətirmək üçün xarici mediada əksini tapan son rəqəmlərə nəzər salıb.
İranın Qızıl Aypara Cəmiyyəti ABŞ və İsrailin fevralın 28-dən başlatdığı hərbi hücumlar nəticəsində ölkədə 555 nəfərin həlak olduğunu açıqlayıb. Onlardan azı 165 nəfəri Hörmüzqan əyalətinin Minab rayonunda qızlar məktəbinə endirilən zərbədə ölüb.
Çin Xarici İşlər Nazirliyi İranda 1 Çin vətəndaşının həlak olduğunu bəyan edib.
İsrail İranın cavab zərbələri zamanı ölkədə azı 10 nəfərin öldüyü, 200-dən çox insanın yaralandığı haqda məlumat yayıb. Ölənlərdən 9 nəfəri Beyt Şemeş şəhərindəki sığınacağa endirilən zərbədə həyatını itirib.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin ölkənin cənubuna və paytaxt Beyruta endirdiyi hava zərbələri nəticəsində azı 31 nəfər ölüb.
İraqda İranın dəstəklədiyi hərbiləşdirilmiş qurumun – Xalq Səfərbərlik Qüvvələrinin 4 üzvü ABŞ ilə İsrailin birgə zərbəsi nəticəsində həlak olub.
Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi İranın cavab zərbələri zamanı ölkədə 3 nəfərin öldüyünü açıqlayıb.
Küveytdə 3 ABŞ hərbçisi həlak olub.
Bəhreyn mediasının məlumatına görə, ələ keçirilmiş raketin qalıqlarının Salman şəhərində xarici ölkəyə məxsus bir gəmiyə düşərək yanğın törətməsi nəticəsində 1 nəfər həlak olub.