Medianews.az
İran ABŞ bazalarına zərbələr endirdi:
176 baxış

İran ABŞ bazalarına zərbələr endirdi: 7 ölkədə hədəflər vuruldu

Yaxın Şərqdə gərginlik daha da artıb. İran ABŞ və İsrailin hücumlarına cavab olaraq bölgədə yerləşən Amerika hərbi bazalarına zərbələr endirib.

Medianews.az-ın məlumata görə, ABŞ-ın regionda azı 19 hərbi obyekti və təxminən 40 min hərbçisi var.

BƏƏ və Qətər

Birləşmiş Ərəb Əmirliklərində yerləşən Əl-Dhafra aviabazası hədəfə alınıb. Yerli mənbələr Abu-Dabidə partlayış səslərinin eşidildiyini, hava hücumundan müdafiə sistemlərinin işə düşdüyünü bildirir.

Qətərdə yerləşən Əl-Udeyd aviabazası da hücumlara məruz qalıb. Müdafiə Nazirliyi bir sıra raketlərin zərərsizləşdirildiyini açıqlayıb. Bu baza ABŞ-nin Mərkəzi Komandanlığının (CENTCOM) regiondakı əsas qərargahıdır və burada təxminən 10 min hərbçi xidmət edir.

Küveyt və Bəhreyn

Küveytdəki Əli Əl-Salem aviabazasına yönələn ballistik raketlərin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi bildirilib. Ölkədə yerləşən “Ərifcan” düşərgəsi də ABŞ ordusunun əsas logistik mərkəzlərindən sayılır.

Bəhreyn paytaxtı Manamada yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahının yaxınlığında partlayış səsləri eşidildiyi qeyd olunur.

İordaniya, Səudiyyə Ərəbistanı və İraq

İordaniyada Kral Hüseyn aviabazasının istifadə olunduğu ərazilərdə onlarla pilotsuz uçuş aparatı və raketin zərərsizləşdirildiyi açıqlanıb.

Səudiyyə Ərəbistanında ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi Şahzadə Sultan aviabazasına hücumların qarşısının alındığı bildirilib.

İraqın Ərbil şəhərində beynəlxalq koalisiya qüvvələrinin yerləşdiyi baza yaxınlığında partlayışlar qeydə alınıb. İlkin məlumata görə, itki yoxdur.

İranın son hücum dalğasında ümumilikdə 7 ölkədə ABŞ hərbi obyektlərinin hədəf alındığı bildirilir.

Regionda vəziyyət gərgin olaraq qalır.

Medianews.az

 

Bizə qoşulun