Medianews.az
Oqtaysız günlər - Hikmət Sabiroğlunun yazısı
106 baxış

Oqtaysız günlər - Hikmət Sabiroğlunun yazısı

Oqtaysız günlərin qırxıncısı mərasim evinin çıxışında bitir.

Çöldə sazaq var, içimizdə yanğın.

Üçündə olduğu kimiyik: yenə ayağımızı sürüyür, dağılışa bilmirik.

Oğlu qara çərçivəli portreti köksünə alıb yola salır sona qalanları.

Bənzərsiz fotodur. Bircə gözü gülür Oqtayın. Bir gözü ağladı hər zaman.

Özümü zorla toparlayıram:

- Atanın adı ömrünün sonuna kimi bəsindir.

25 yaşı təzəcə tamam olub balamızın.

İki addımlıqdakı başqa zala gedib məktəbli qızını bağrıma basmağa ürəyim gəlmir. O uşağın hər ad günündə Oqtayı yığardım, əlindən getmiş qızcığazının əvəzi kimi gəlib...

Cüt balaya var-dövlət, mal-mülk qoyub getmədi Oqtay. Ad qoyub getdi. Oqtayın övladı - bundan böyük sərvət olmaz.

...Çətin keçir 2026. Belə deməmişdik. Çoxumuz 1966-danıq. At ilindən. 2026 da at ilidir. Sinif yoldaşlarının son görüşündə mən dəli at dedim, uşaqlar düzəliş verdilər: qızğın at.

Dəli at daha uyğunmuş. Bütün planlar elə siftə ayın 19-cu günündə - Oqtayın qəfil gedişi ilə pozuldu. Yazda 60-ları birgə qeyd eləyəcəkdik, ailəliklə toplaşacaqdıq. Dəli atın öz planı varmış...

Yubiley məclisi olmayacaq. Bitdi bu iş. Ürəyimdə deyirəm bəlkə Novruz ərəfəsi qara bayram eləyək birgə. Amma Oqtayın qara bayramı da ağır gəlir Oqtaysız.

Dəli atla gələn başqa peşmanlıqlar da var. Amma bunlar ötüşür, bircə Oqtaysızlıq bitən deyil.

...Bəzən heç ayda bir dəfə də danışmırdıq Oqtayla. Amma elə uzaqdan-uzağa da arxamda dağ kimi durmuşdu. O dağ uçdu, arxasız qaldım.

Şuşasızlıq görmüş, qəlpə-qəlpə hər tərəfə səpələnmiş məktəb uşaqlarını vaxtaşırı cəm eləmək zarafat gəlməsin. Çətin işdir. O toplantıları hər vaxt Oqtayla da razılaşdırardım. Ən xırda detalı da deyərdim ona, qayıdardı problem yoxdur, ürəklənərdim...

Daha plan qura bilmirəm.

Kimi gənəşirəm, o da Oqtay deyib durur.

Oqtaysız günlər budur...

Hikmət Sabiroğlu 

Bizə qoşulun