İsrailin Negev bölgəsinin şərq və mərkəzi hissələrində, Dimona, Arad və Yeruham şəhərlərində hava həyəcanı siqnalları səslənib.
Medianews.az xəbər verir ki, İsrail ordusunun məlumatına görə, hava hücumundan müdafiə sistemləri İran tərəfindən buraxılan ballistik raketləri aşkarlayıb.
Bildirilir ki, Dimona istiqamətində atılan raketlərdən biri zərərsizləşdirilib.
Bundan əlavə, Yəməndəki husilər də İsrailə qarşı fəaliyyətlərini davam etdirir. Onlar gecə saatlarında Eylat istiqamətində pilotsuz uçuş aparatı göndəriblər, lakin bu hədəf də zərərsizləşdirilib.
İsrail ordusu səhər saatlarında İran tərəfindən ölkə istiqamətində yeni raket buraxılışlarının olduğunu və onların qarşısının alınması üçün müdafiə sistemlərinin işlədiyini açıqlayıb.
İsrail mediasının məlumatına görə, səhər saatlarından artıq dördüncü raket buraxılışı qeydə alınıb. Son hücumun cənub istiqamətində həyata keçirildiyi və Beer-Şeva bölgəsinin də təhlükə altında olduğu bildirilir./konkret.az