Medianews.az
“Bundan bircə məndə var”
471 baxış

“Bundan bircə məndə var”

samir sari kose 1
Bir dəfə imkanlı və təqribən həmyaşıd qohumlardan biri ilə söhbətləşirdik. Söhbət hansısa bir oliqarxın qoluna 100 min dollarlıq qızıllı, almazlı saat taxmasından gedirdi. Dedim, məqsəd vaxtı öyrənməkdirsə, 30-40, hətta 200-300 manatlıq, hər zövqə uyğun saatları qoyub, 100 min manatlıq saat bağlamaq qudurmuşluqdur, ədabazlıqdır, harınlıqdır və sair.
Təxminən yarım milyonluq varidatı olan qohum üzümə baxdı, baxdı, axırda dedi ki, elə deyil, sən varlı insanların psixologiyasını bilmirsən, əgər sənin də 5-6 milyon pulun olsa, 100 min dollarlıq saat taxarsan. Razılaşmadım. Qohum dedi ki, sonradan pullanan adamların 90 faizi başqalarından, kasıblardan fərqlənmək üçün hər şey edə bilərlər, məsələn, 1 manatlıq corabı “bundan heç kəsdə yoxdur” deyə 100, hətta 1000 manata alar və qürrələnərlər.
Axırda belə razılaşdıq ki, gerçəkdən də pul insanları pis qudurdan iki şeydən biridir. (O birisi isə hakimiyyətdir).  Kim qudurmursa, demək, kamil insandır.
Adamlar var, atası minməyə boz eşşək tapmırdı, ot-ələfini öz belində daşıyırdı, indi oğlu “Porşe”ni bəyənmir, “Galendevagen” almaq istəyir, çünki eşidib ki, bu daha hörmətli maşındır, bərk gedənlər bundan sürür.
Dünən bu xüsusda mediada iki informasiya vardı. Biri ondan ibarətdir ki, 99 TT 999 nömrəsini 230 minə satanlar var.
İndi təsəvvür edin, 5 eyni rəqəmin, iki hərfin böyür-böyürə düzüldüyü dəmir parçasına 230 min manat verənlər olacaq. Halbuki qarışıq rəqəm və hərflərin həkk olunduğu, ancaq eyni funksiyasını həyata keçirən dəmir parçasının qiyməti 80-100 manatdır. 230 minlik nömrəni alan şəxs onu aparıb 100 minlik (lap olsun 300 minlik) avtomobilinə yapışdıracaq.
Dəyərmi? Bizim prizmadan baxanda dəyməz. Hesab edərik ki, o qədər pulla daha səmərəli işlər görmək olar. Amma bank hesabında, evində milyonlar olan adamlar üçün maşına 300, nömrəsinə 200 min vermək, təxminən bizim yayda “Mor-mor” suyu alıb içməyimiz kimi bir şeydir.
Bəs baxaq görək, dünyanın tanınmış milyarderləri, məsələn, 50-70 milyard arasında varidatı olan Bill Qeyts avtomobil nömrəsinə 200 min verərmi? Verməz. Adam 20 ildir milyarderdir, belə bədxərclik etdiyi heç yerdə görünməyib, yazılmayıb. Amma cənab Qeytsin ildə xeyriyyə fondlarına yarım milyard dollardan çox ayırmalar etdiyi məlumdur.
Maşın və telefon nömrələrinə böyük pulları, bilirsiniz, kim verir? Geridə qalmış cəmiyyətin fərdləri. Hələ bizdə yaxşıdır, ərəb şeyxlərinin vələdlərinin 888, 777, 555 və s. bu kimi nömrələrə hərracda 2 milyon dollar verdikləri də olub. Neyləsinlər, nəyləsə fərqlənməlidirlər, ya yox?
Dünən “Feysbuk”da bir ayaqqabı elanı da vardı, adi qara rəngli dəri ayaqqabını 322 manata satışa çıxarmışdılar. Bunu satmaq istəyən də yüz faiz harınların səxavətinə ümid edir. Bir ayyaqqabı hansı heyvanın dərisindən olmalıdır ki, qiyməti 322 manat olsun? Hətta bu ayaqqabını tikərkən ipək kiriş yerinə qızıl simdən istifadə etsələr belə, o qiymətə ola bilməz.
Ancaq belə bir qiymət qoyublar və o ayaqqabı alınacaq.
Aydın məsələdir, Bakı pullu şəhərdir. Ötən əsrin əvvəlində yaşanan neft bumu neftxudaları necə qudurtmuşdusa, bu əsrin əvvəlindəki ikinci neft bumu da xeyli adam qudurdub.
Erməni əsilli yazıçı Aleksandr Şirvanzadənin “Xaos” romanında ötən əsrin əvvəlinin Bakısı barədə bir ibrətamiz epizod var: azərbaycanlı neft maqnatının bəyzadə balası yeyib-içir keflənir, əmr edir ki, vannanı şampan şərabı ilə doldursunlar və onun, indiki dildə desək, civisi girib vanna qəbul eləsin.
Görürsünüzmü, aradan 100 il keçib. Amma bizim o vaxtkı varlılarımızla indikilərin düşüncələri arasında o qədər də fərq yoxdur. İndi sevgilisini şampan şərabında çimizdirənlər barəsində əlimizdə informasiya olmasa da, sevgilisinə aldığı 3 min manatlıq xəz mantoyla maşınını silib küçəyə atanlar olub. O vaxtlar “şəhərdə ən yaxşı fayton məndədir” deyə qürrələnənlərin yerini “Şəhərdə yek ”Lambarcini" mənimkidir" deyənlər alıb.
Əcnəbi isə indi artıq seyrə balonlara çıxmır, “Buqatti”, “Ayfon” istehsal edib lovğalara on qat baha qiymətə satır.
 

Bizə qoşulun