Medianews.az
Gültəkin Hacıbəylidən YENİ XƏBƏR
577 baxış

Gültəkin Hacıbəylidən YENİ XƏBƏR

Milli Şuranın üzvü Gültəkin Hacıbəyli bir həftədir ki, Türkiyədə Arnavutköy Geri Göndərmə Mərkəzində saxlanılır.

Medianews.az-ın məlumatına görə, AXCP funksioneri Fuad Qəhrəmanlı feysbuk hesabında yazıb ki, G.Hacıbəylini təkadamlıq kamerada saxlayırlar, kamerasında oturmağa stul belə vermirlər: “Gəzintiyə də çıxarılmır, bütün gününü 6 kvadratmetrlik kamerada keçirir. Yanına sovqat da qəbul etmirlər. G-82 koduna uyğun olaraq "yabancı terror təşkilatının üzvü" kimi xüsusi sərt nəzarət rejimində saxlanılır.

Halbuki o, həbsxanada deyil, üzərində rəsmi cinayət ittihamı yoxdur, ancaq bununla belə onunla təhlükəli bir terrorçu kimi rəftar olunur. Bu məntəqədə geri göndərilməli olan şəxslər daha sərbəst və rahat şəraitdə saxlanıldıqları halda, Gültəkin xanımı onlardan ayırıb bu cür əzazil münasibət göstərmək, açıq şəkildə ədalətsizlik və hüquqa zidd davranışdır.

Adətən Türkiyədən deportasiya olunan şəxslərin qarşısında öz istədikləri ixtiyari ölkəyə getmək tələbi qoyulur. Ancaq Gültəkin xanımla bağlı vəziyyət fərqlidir. Ona belə bir hüquq tanınmayıb. Bir qayda olaraq G-82 kodu o zaman tətbiq edilir ki, həmin şəxslər dövlət təhlükəsizliyi üçün təhdid yaradan xarici terrorçu hesab olunurlar və bu koda əsasən həmin şəxslər tutularaq məcburi qaydada öz ölkələrinə təhvil verilirlər. Buna görə də G-82 kodu Gültəkin xanımı başqa bir ölkəyə getmək imkanından məhrum etmək və məcburi qaydada Azərbaycana təhvil vermək üçün tətbiq olunub”.

Açıqlamasında F.Qəhrəmanlı G.Hacıbəylinin Azərbaycana həbsə göndərilməyəcəyinə ümid etdiyini bildirib və bununla bağlı Türkiyə hakimiyyətinə çağırış edib.

Xatırladaq ki, G.Hacıbəyli hakimiyyəti zorla ələ keçirmə cəhdində, dövlətə xəyanətdə və cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırmada (Cinayət Məcəlləsinin 278.1, 274 və 193-1.3.2-ci maddələri) təqsirləndirilən, oktyabrın 14-dən ev dustaqlığında olan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində başladılmış cinayət işinin istintaqı çərçivəsində Türkiyədə saxlanılıb. Hazırda onun Azərbaycana deportasiya olunması məsələsinə baxılır.

Ramiz Mehdiyev işi ilə əlaqədar AXCP sədri Əli Kərimli və onun müşaviri Məmməd İbrahim noyabrın 29-da Bakıda DTX-nin keçirdiyi əməliyyatla tutulublar. Dekabrın 1-də Səbail Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində 2 ay 15 günlük həbs qətimkan tədbiri seçilib.

Hazırda DTX-nin istintaq təcridxanasında saxlanan Əli Kərimli və Məmməd İbrahim konstitusiyaya zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərdə (Cinayət Məcəlləsinin 278.1-ci maddəsi) təqsirləndirilir.

Medianews.az

Bizə qoşulun