Qusarda kişi gecə evə basqın edərək, qadını öpüb.
Hadisə rayonun Aşağı Ləyər kəndində qeydə alınıb.
İttiham aktına görə, kənd sakini olan 35 yaşlı Oruc Qasımov (ad və soyad şərtidir) gecə saat 23 radələrində hasardan aşaraq, evin qapısının kəndirini üzərindəki alışqanla yandırıb və mənzilə qanunsuz daxil olub. Daha sonra o, ev sahibəsini yatılı vəziyyətdə görərək, ona yaxınlaşıb. Əvvəlcə alnından öpüb sonra isə çiyinlərindən tutaraq, oyatmaq istəyib. Qadın yuxudan oyanıb və onu süpürgə ilə evdən qovub.
Faktla bağlı Cinayət Məcəlləsinin 157.1-ci (mənzildə yaşayanın iradəsi ziddinə evə daxil olma) maddəsilə cinayət işi açılıb.
Təqsirləndirilən Oruc Qasımov ifadəsində bildirib ki, hadisə zamanı sərxoş olub. Onun sözlərinə görə, gecə saatlarında yük daşımağa kömək üçün həmin evə girib. Daha sonra o, öz evinə gedərək həyətdə yatıb. Bir az sonra polis əməkdaşları gələrək, onu saxlayıblar. O, həmçinin əməlindən peşman olduğunu qeyd edib.
Zərərçəkən qadın isə Orucu kömək üçün çağırmadığını deyib:
“Oruc özü kömək edib getmişdi. Gecə saatlarında qəfil evimə girdi. Sonra bildim ki, darvazadan yox bağ tərəfdən girib həyətə. Alnımdan öpüb çiynimdən tutdu və qışqırmamağım üçün boğazımı sıxdı. Özümü müdafiə etmək üçün süpürgə ilə Orucu vurandan məni buraxdı. Sonra tavanı sifətinə vurdum”.
O, Orucla barışmadığını və onu bağışlamadığını bildirib.
Şahidin sözlərinə görə isə Oruc özü də ailəlidir və 3 övladı var. Hadisə zamanı qadın çöldə qışqırırmış və uşaqları da qorxudan ağlayırmış.
Qusa rayon Məhkəməsinin qərarı ilə Oruc Qasımova elektron qolbaq taxılıb və barəsində 480 saat ictimai işlər cəzası verilib./Lent.az