Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) 2026-cı il dünya çempionatı (DÇ-2026) zamanı stadionlara plastik qablarda su gətirilməsinə icazə verib.
Medianews.az xəbər verir ki, bu barədə ali futbol təşkilatının sosial şəbəkə hesabında açıqlama yayılıb.
"Azarkeşlər ABŞ və Kanadada keçiriləcək dünya çempionatının bütün matçlarına möhürlənmiş qapağı olan 20 unsiya (590 ml) həcmində bir yumşaq plastik butulkada su gətirə biləcəklər", - deyə FIFA-dan bildirilib.
Qeyd olunur ki, tribunalara göstərilən həcmdə adi su butulkaları gətirmək mümkün olacaq, lakin sərt plastikdən hazırlanmış və çoxdəfəlik istifadə olunan şüşə qablarla keçid qadağan ediləcək.
Meksikadakı matçlarda hansı qaydaların tətbiq olunacağı barədə informasiya verilməyib. "Bloomberg" agentliyinin məlumatına görə, bu cür qaydaların həyata keçirilməsindən əvvəl ölkədə müəyyən hüquqi problemlərin həll edilməsi lazımdır.
İyunun 4-də FİFA stadionlara giriş qaydalarını yeniləyərək arenaya boş plastik butulkaların gətirilməsini qadağan edib. Təşkilat yeni tələbi təhlükəsizlik qaydaları ilə əsaslandırıb.//Oxu.Az