Bakıda keçirilən UFC turnirində Azərbaycan təmsilçisi Fərman Həsənov uğurlu çıxışı ilə yadda qalıb. Həsənov rəqibi Erik Nolana qarşı üstün performans nümayiş etdirərək hakimlərin yekdil qərarı ilə qələbə qazanıb.
Medianews.az xəbər verir ki, döyüşdən sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran idmançı qarşılaşmanın planlaşdırdığı kimi keçdiyini bildirib.
Döyüşöncəsi məşqçisi İbrahim müəllimin ona verdiyi tövsiyələr barədə danışmaq istəməyən Həsənov bunun müəllimlə tələbə arasında qalan məsələ olduğunu deyib.
Təmsilçimiz daha ehtiyatlı döyüşməsinin taktiki planın bir hissəsi olduğunu vurğulayıb: “Rəqib yaxşı hazırlaşmışdı. Üç raundun üçünü də qələbə ilə bitirdik, kontrol bizdə oldu və hər şey plandakı kimi getdi”.
Fərman Həsənov həmçinin UFC ilə 4 döyüşlük müqaviləsinin olduğunu açıqlayıb. İngilis dilini UFC-yə qoşulduqdan sonra deyil, daha əvvəl öyrəndiyini deyən döyüşçü son üç ildə mütəmadi olaraq ABŞ-a səfər etdiyini və amerikalı müəllimdən dərs aldığını bildirib.
Qələbəsini Vətəninə və Azərbaycan xalqına həsr etdiyini söyləyən Həsənov, UFC Bakı turnirində çıxış edən digər təmsilçimiz Tofiq Musayev barədə də danışıb. O, həmyerlisinin uğur qazanacağına inandığını ifadə edərək, “Bizə qələbə yaraşır” deyə vurğulayıb.
Müşfiqə