Medianews.az
Ermənilər ruslardan niyə döndü? -
55 baxış

Ermənilər ruslardan niyə döndü? - Ruslar ermənilərdən nə istəyir?

Son günlər Rusiyanın rəsmi şəxslərindən Ermənistanın ünvanına töhmət-təhniz, qaxınc-minnət, tələb-təhdid səciyyəli açıqlamalar xeyli artıb.

Bunun əsas səbəbi odur ki, 2019-ci ildən, Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistanın Avropaya inteqrasiya yolunda atdığı addımların geridönməz xarakter aldığı Kremlə tam çılpaqlığı ilə əyan olub.

Bu vaxta qədər Moskva Paşinyan iqtidarına hər növ təzyiq edir, bəzən dirsək göstərir, bəzən ayağa verir, gah pisim-pişimlə davranır, gah da açıq şəkildə hədələyirdi, amma bütün bunlar effektiv olmadı, “yeni təfəkkürlü ermənilər”i yollarıdan döndərmədi.

Əslində Paşinyan başda olmaqla Rusiyadan üz döndərmiş ermənilər buraya qədər düz xətlə, birbaşa gəlməyiblər. Onlar da Kremllə oynayırr, gah özlərini sədaqətli göstərir, gah da üzlərini bozardır, hər cür manevr edir, amma çatmaq istədikləri mənzilin istiqamətini əldən vermirdilər.

İndi ruslar görür ki, Ermənistan Avropanın kandarında dayanıb ayağının palçığını təmizləyir və bir azdan içəriyə daxil olacaq. Rusiya Ermənistanı məhz Avropanın astanasından geri qaytarmaq istəyir. Ona görə Moskvadan İrəvanın ünvanına səslənən hədələr, töhmətlər artıb.

Keçmiş SSRİ ölkələrinin Avropaya inteqrasiyası Rusiya üçün qırmızı xətdir. Moskva burada istisnanı yalnız üç Baltikyanı ölkəyə tanıyıb. O da ona görə ki, SSRİ bu üç kiçik ölkəni 1940-cı ildə ilhaq edəndə onlar onsuz da Avropa ölkəsi idilər və Moskvanın tabeçiliyində olduqları vaxtlarda da özlərini gözə soxmur, Moskvaya göstərdikləri itaətin heç də ürəkdən olmadığını büruzə verirdilər.

SSRİ dağılandan sonra Moskva bu üç respublikanı öz “arxa bağça”sında zorla, təzyiqlərlə saxlamağa cəhd etmədi, anladı ki, onları ram edə bilməyəcək.

Ancaq qalan ölkələr yaxalarını Rusiyanın pəncəsindən qurtarmaq üçün uzun yol qət etdilər və edirlər, buna aram-aram, mərhələ-mərhələ nail olmaq istəyirlər. Rusiyadan birdən-birə qopmaq, əlindən çıxıb qaçmaq istəyənlərin aqibəti yaxşı olmur. Gürcüstan elə etdi, qapaz yedi, Ukrayna Avropa dövləti olmaq istədi, 5-ci ildir müharibədədir, yüz minlərlə qurban verib.

Moldova və Ermənistan isə Rusiyadan ayrılmaq işini son illərdə sürətləndiriblər. Ona görə də artıq elə bir gün olmaz ki, Rusiya siyasətçilərindən kimsə onların ünvanına “pis olacaq”, “bu iş belə getməyəcək” tipli xəbərdarlıqlar etməsin.

Gerçək budur ki, rusiyalı siyasətçilər Ermənistana qarşı səsləndirdikləri iddialarda bir baxımdan çox haqlıdırlar. 1828-ci ildən bəri erməniləri Rusiya saxlayır.

Ermənilər üçün dövləti Rusiya qurub verib. Rusiya 1828-ci ildə ard-arda 36 Azərbaycan türkünün xan olub idarə etdiyi İrəvan xanlığını ermənilərin də iştirakı ilə işğal edərək süquta uğradıb, yerində quberniya yaradaraq idarəçiliyi ermənilərə verib. Ruslarla ermənilərin şərik idarə etdiyi həmin quberniya erməni muxtariyyatı elan edilib və ondan 90 il sonra məhz bu muxtariyyat əsasında erməni dövləti təsis olunub.

Düzdür, ruslar 1920-ci ilin noyabrında müstəqil Ermənistan respublikasını işğal ediblər, amma yerində sovet sosialist respublikası yaradıblar və ermənilərə heç bir sovet respublikasına qıymadıqları yüksək muxtariyyat statusnu veriblər. Adi bir misal. 1920-ci ildən 1933-cü ilə qədər Azərbaycanı 9 yadelli (ermənilər, gürcülər, ruslar, yəhudi, polyak və b.) rəhbər idarə edib, ancaq həmin müddətdə Ermənistana başçılıq edənlərin hamısı erməni olub. Bu, onun göstəricisi idi ki, ermənilər bizimlə müqayisədə daha çox hüquq və imtiyaz yiyəsidirlər.

Sovet dövründə Ermənistan 71 il ərzində Moskvadan aldığı dotasiyalar hesabına yaşayıb. Azərbaycannın gəlirli müəssisələrindən ittifaq büdcəsinə zorla götürülən milyonlar Ermənistana ötürülüb.

Elə Ermənistan müstəqillik əldə etdikdən sonra da Rusiyanın bir əli Ermənistanın üstündə olub. Rusiya Ermənistana əlindən gələn, qolundan qopan hər cür yardım edib. Buraya 1 milyard dollarlıq silah bağışlamaqdan tutmuş, ucuz neft-qaza qədər hər şey daxildir. Ermənistan məhz bu “hər şey daxil” sisteminə görə ayaqda qalmış və özündən ən azı 3 dəfə güclü Azərbaycandan müvəqqəti də olsa ərazi qopara bilmişdi.

Rusiyanın milyonlarla erməniyə qucaq açması da heç kəsə sirr deyil. Ermənilər Rusiyada öz ölkələrində olduğundan daha çox və daha imkanlıdırlar. (Yeri gəlmişkən, bu qaxınc Rusiyada artıq bir neçə ildir ki, ən yüksək səviyyədə səslənir).

Bir sözlə, Rusiyanın son 190 ildə saxladığı, dövlət etdiyi, qoruduğu ermənilərin üzərində haqqı böyükdür. Rusiya ermənilərə etdiyi yaxşılığı hansı başqa ölkəyə etsəydi, o ölkədə Rusiyadan ayrılıq haqda düşünənləri linç edərdilər.

Ancaq ermənilər fərqli fikirləşirlər. Onlar Avropaya, dünyaya açılmaq, Avropanın inkişaf etmiş kiçik ölkələrindən (Finlandiya, Danimarka, Niderland, Belçika, Lüksemburq) biri kimi yaşamaq istəyirlər. Ermənilər görürlər ki, Rusiya onlar üçün bu cür firavan həyat təmin etmək iqtidarında deyil və Ermənistana öz cənub bastionu kimi baxır, İranın və Türkiyənin qarşısındakı son qala rolunda görür.

Belə götürəndə hər millətin öz gələcəyini öz bildiyi kimi qurmaq haqqı var. Rusiya ermənilərə dövlət qurub deyə onları sona qədər öz köləsi etmək haqqına sahib deyil.

Məişətdə ermənilərin etdiyi hərəkətin adı dönüklük, nankorluq, xəyanət ola bilər, amma politologiyada “öz müqəddəratını təyin etmək hüququ”dur.

Xalid KAZIMLI

Bizə qoşulun