Duz qidaların dadını artıran əsas mətbəx məhsullarından biri hesab olunur. Lakin onun həddindən artıq qəbulu bir sıra sağlamlıq problemlərinə yol aça bilər.
Medianews.az Foodinfo.az-a istinadla xəbər verir ki, qastroenteroloq Yekaterina Kaşux duzdan düzgün istifadə qaydaları və onu nisbətən faydalı alternativlərlə əvəz etməyin yolları barədə tövsiyələr verib.
Mütəxəssisin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı sağlam böyüklər üçün gündəlik duz normasını 5 qramla məhdudlaşdırmağı tövsiyə edir. Bu miqdar təxminən bir çay qaşığından bir qədər azdır. 7 yaşadək uşaqlar üçün norma bunun yarısı hesab olunur, bir yaşına qədər körpələrə isə qidaya ümumiyyətlə duz əlavə edilməsi məsləhət görülmür.
Həkim vurğulayır ki, söhbət təkcə təmiz xörək duzundan getmir. Soslarda, hazır yeməklərdə, fast-fud məhsullarında, konservlərdə və hətta bəzi desertlərdə də gizli duz mövcuddur. Bu məhsulları tamamilə rasiondan çıxarmaq vacib deyil, lakin onların miqdarı nəzarətdə saxlanmalıdır.
Duzun azaldılması bir çox insan üçün çətin prosesdir. Dad reseptorları illərlə duzlu yeməklərə öyrəşdiyi üçün, ilk mərhələdə yeməklər dadsız görünə bilər. Mütəxəssislərin fikrincə, reseptorların yenidən uyğunlaşması təxminən bir ay çəkir. Bu müddətdə yeməklərin təbii dadı daha aydın hiss olunmağa başlayır. Həkimlər duzu tədricən azaltmağı və heç olmasa süfrədə əlavə duz səpməməyə vərdiş etməyi tövsiyə edir.
Qastroenteroloq qeyd edir ki, duzu tam əvəz edən məhsullar əslində mövcud deyil. Duzlu dad verən bütün vasitələr az və ya çox miqdarda natrium ehtiva edir. Məsələn, sahilyanı ərazilərdə yetişən salikorniya bitkisinin yarpaqlarından hazırlanan tozda natriumla yanaşı kalium və maqnezium duzları, eləcə də yod və digər mikroelementlər mövcuddur. Natrium xlorid miqdarı az olduğuna görə dadı daha yumşaqdır, lakin onu tam duz əvəzedicisi saymaq olmaz.
Daha bir təbii alternativ qurudulmuş dəniz yosunlarıdır. Onlar xırda lopalar və ya toz şəklində satışa çıxarılır. Bu məhsullar adi duzla müqayisədə təxminən 95 faiz az natrium ehtiva edir və yaxşı yod mənbəyi sayılır. Bitki mənşəli bu alternativlərin ciddi əks göstərişi olmasa da, bəzi insanlarda fərdi dözümsüzlük yarada bilər.
Mağazalarda natrium miqdarı azaldılmış, tərkibində kalium və ya maqnezium xlorid olan duzlar da mövcuddur. Lakin tam kalium duzundan istifadə böyrək xəstəlikləri, ürək çatışmazlığı, şəkərli diabeti olanlar və təzyiq salan dərmanlar qəbul edən şəxslər üçün riskli ola bilər.
Mütəxəssislər duzun miqdarını azaltmaq üçün başqa üsulları da tövsiyə edir. Limon və ya laym şirəsi, onların qabığı yeməklərə turşməzə dad qataraq duz ehtiyacını azalda bilər. Ədviyyatlar və ətirli otlar da yeməklərin dadını zənginləşdirir. Bu zaman hazır qarışıq ədviyyatlardan istifadə edərkən tərkibində duz olub-olmadığına diqqət yetirilməlidir. Alma və ya balzam sirkəsi isə salatlar və marinadlar üçün uyğun hesab olunur, lakin ondan həddindən artıq istifadə mədə-bağırsaq sisteminə zərər verə bilər.
Həkim sonda bildirir ki, duzdan tamamilə imtina etmək düzgün deyil. Əsas məqsəd onun miqdarını normada saxlamaqdır. Sağlam insanlar üçün gündəlik norma bir çay qaşığına qədər, ürək-damar xəstəlikləri və ödemi olanlar üçün isə təxminən üçdə bir çay qaşığı hesab olunur. Turş və ədviyyəli məhsullardan düzgün istifadə etməklə yeməkləri əlavə duzsuz da ləzzətli etmək mümkündür.