Medianews.az
Bayram günlərində avtobuslarda xaos -
109 baxış

Bayram günlərində avtobuslarda xaos - AYNA-dan RƏSMİ AÇIQLAMA

Bayram günlərində şəhərlərarası sərnişindaşıma ilə bağlı narazılıqlar davam edir. Bu dəfə bir sərnişin avtobuslarda əlavə sərnişin götürülməsi problemi ilə bağlı Medianews.az-a müraciət edib.

Şikayətçinin sözlərinə görə, avtovağzaldan çıxışdan sonra bəzi sürücülər marşrut boyunca əlavə sərnişinlər götürür və bu da həm rahatlıq, həm də təhlükəsizlik baxımından ciddi problemlər yaradır.

“Biz biletlərimizi onlayn qaydada alırıq, yerlərimiz əvvəlcədən müəyyən edilir. Avtovağzalda hər şey qaydasında olur, biletlər yoxlanılır. Lakin avtobus yola düşəndən sonra qapılar açılır və əlavə sərnişinlər götürülür. Onlar üçün plastik açılıb-bağlanan stullar qoyulur və ya keçid hissəsində əyləşdirilirlər. Qadın sərnişin olaraq bu vəziyyət məndə narahatlıq yaradır. Ayağımdan əməliyyat olduğum üçün sıxışmış formada otura bilmirəm”, – deyə müraciətdə bildirilir.

Sərnişin qeyd edib ki, avtobusda normadan artıq insanın olması sanitar-gigiyenik baxımdan da problemlər yaradır:

“Xüsusilə yay aylarında avtobusda sıxlıq yaranır, xoşagəlməz qoxu olur. Dünyada müxtəlif infeksiyaların yayıldığı bir dövrdə insanların bu qədər sıx şəkildə daşınması düzgün deyil. Biz onlayn bilet alırıq ki, rahat və təhlükəsiz səyahət edək”.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi-nin mövqeyini öyrənməyə çalışdıq.

Kommunikasiya üzrə məsul şəxs » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

AYNA-nın mətbuat katibi Tural Orucov Medianews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əsasən, şəhərlərarası və rayonlararası müntəzəm marşrutların başlanğıc, aralıq və son təyinat məntəqəsi yalnız avtovağzal və ya avtostansiya olmalıdır.

T.Orucov vurğulayıb ki, şəhərlərarası və rayonlararası marşrutlarda sərnişinlər yalnız müəyyən edilmiş avtovağzal, avtostansiya və rəsmi dayanacaq məntəqələrindən götürülə bilər. Avtobusun isə yalnız oturacaq sayı qədər sərnişin daşımasına icazə verilir.

AYNA-dan verilən açıqlamada o da qeyd edilib ki, şəhərlərarası avtobuslarda ayaqüstə sərnişin daşınmasına, eləcə də sərnişinlərin keçid hissələrində yerləşdirilməsinə qanunvericiliyə əsasən yol verilmir:

“Müntəzəm şəhərlərarası və rayonlararası daşımalarda sərnişinlərə satılmış biletlərin sayı avtobus üçün istehsalçı zavod tərəfindən müəyyən edilmiş oturacaq yerlərinin sayına uyğun olmalıdır”.

Qurumdan bildirilib ki, daşıyıcılarla keçirilən görüşlərdə onlara sərnişindaşıma qayda və normalarına riayət olunması ilə bağlı mütəmadi tapşırıqlar verilir və tövsiyə məktubları göndərilir.

“Sərnişindaşıma normalarının pozulması halları ilə rastlaşan vətəndaşlardan AYNA-nın “141” Çağrı Mərkəzinə və agentliyin sosial şəbəkə hesabları vasitəsilə məlumat vermələri xahiş olunur. Daxil olan müraciətlər araşdırılır və aşkarlanan pozuntularla bağlı müvafiq tədbirlər görülür. Qaydaların pozulması halları aşkar edildikdə daşıyıcılara və sürücülərə qanunvericiliyə uyğun inzibati tədbirlər tətbiq olunur”, – deyə cavabda bildirilib.

AYNA əlavə edib ki, bayramlarla əlaqədar davamlı qeyri-iş günlərində ölkənin bütün avtovağzal və avtostansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Sərnişin axınına uyğun olaraq ehtiyac yaranan istiqamətlər üzrə əlavə avtobuslar xətlərə cəlb olunur və reyslərin sayı artırılır.

Turan Oruc
Medianews.az

Bizə qoşulun