Medianews.az
Dünyanın gözü Dohada:
154 baxış

Dünyanın gözü Dohada: ABŞ və İran eyni masada

ABŞ və İranın qarşılıqlı hücumların dayandırılması barədə razılığa gəldiyi, tərəflərin isə Hörmüz boğazı ilə bağlı fikir ayrılıqlarını müzakirə etmək üçün sabah Qətərin paytaxtı Dohada görüş keçirəcəyi bildirilir.

Medianews.az xəbər verir ki, bununla bağlı ABŞ-nin Axios nəşri məlumat yayıb.

Bildirilir ki, tərəflər hərbi gərginliyi azaltmaq barədə ilkin razılıq əldə ediblər.

ABŞ rəsmilərindən biri "Bütün hücumları dayandırmaq qərarına gəldik" deyib. Digər rəsmi isə texniki danışıqlar davam etdiyi müddətdə hər iki tərəfin hələlik geri çəkiləcəyini və Hörmüz boğazında gəmilərin sərbəst hərəkət edə biləcəyini bildirib.

Məlumata görə, əvvəlcə İsveçrədə keçirilməsi planlaşdırılan danışıqlar İranın nüvə proqramına həsr olunmalı idi. Lakin son hərbi gərginlik səbəbindən görüşün məkanı Dohaya dəyişdirilib və əsas müzakirə mövzusu Hörmüz boğazındakı vəziyyət olub. ABŞ-nin texniki nümayəndə heyətinin rəhbəri Nik Stüartın da görüşdə iştirak edəcəyi gözlənilir.

Bundan əvvəl İran rəsmisi Mehdi Fəzaili ölkəsinin texniki nümayəndə heyətinin İsveçrədə keçirilməsi nəzərdə tutulan görüşə qatılmadığını və danışıqların ləğv edildiyini açıqlamışdı. Onun sözlərinə görə, Tehran son günlər baş verən hərbi toqquşmalar səbəbindən görüşdə iştirakdan imtina edib.

Fəzaili bildirib ki, İran bu qərarı həm də qarşı tərəfin müəyyən şərtləri yerinə yetirib-yetirmədiyini qiymətləndirmək üçün verib. Həmin şərtlər arasında İranın dondurulmuş maliyyə aktivlərinə çıxış məsələsi də yer alır.

Bundan əvvəl “The Wall Street Journal” qəzeti də ABŞ və İran arasında İsveçrədə bərpası planlaşdırılan danışıqların artan gərginlik və qarşılıqlı hücumlar səbəbindən təxirə salındığını yazmışdı. Məlumata görə, tərəflər yeni tarix müəyyən edilmədən diplomatik təmasları müvəqqəti dayandırıblar.

Medianews.az

 

Bizə qoşulun