Kiyevin hərbi texnologiyalar sahəsində bunca ciddi uğurlara nail olacağını yəqin ki, Kremldə gözləmirdilər. Gerçək belədir ki, artıq Ukrayna qüvvələri üçün Rusiyanın heç bir guşəsində, paytaxt Moskvada, “ikinci paytaxt” Peterburqda əl çatmayan hərbi-strateji obyekt yoxdur.
Hərgah, Rusiya rəhbərliyi özünü o yerə qoymur. Guya ciddi dəyişiklik-zad baş verməyib və cəbhədə təşəbbüs rus ordusunun əlində qalmaqdadır.
Dəyişiklik isə mühümdür. Bunu dünənədək Vladimir Zelenskini Vladimir Putinlə anlaşmağa, güzəştlərə məcbur eləməyə çalışan ABŞ lideri Donald Trampın mövqeyindın də görmək mümkündür. Ağ Ev başçısı indi Ukraynanı cəsurluğuna və mübarizliyinə görə təqdir edir, tərifləyir. Rusiya rəhbərliyi isə təəssüf ki, “köhnə havalar” çalmaqdadır...
“Qərb Rusiyanı döyüş meydanında məğlub etmək və ölkə daxilində vəziyyəti sarsıtmaq istəsə də, buna nail ola bilməyib”.
Bunu srağagün Putin hakim “Vahid Rusiya” partiyasının qurultayında çıxışı zamanı deyib. O, Qərbin ölkəsinə qarşı misilsiz təzyiqlər etdiyini diqqətə çatdırıb.
“Rusiya Qərb elitası tərəfindən kobud, heç bir şişirtmə olmadan, görünməmiş təzyiqlərlə üz-üzədir. Onlar bizə strateji məğlubiyyət yaşada, bizi döyüş meydanında məğlub edə bilmirlər. Siyasi vəziyyəti sarsıtmağa, daxili iğtişaşlar törətməyə çalışırlar. Lakin bu da alınmır” – Putin özünəməxsus ritorika ilə vurğulayıb...
Maraqlıdır ki, Kreml rəhbəri uzanan işğalçı müharibə səbəbindən daxildə getdikcə özünü daha qabarıq göstərməyə başlamış maliyyə-iqtisadi və təhlükəsizlik problemlərini, ictimai narazılığı görməzdən gəlib və yenə özünü sındırmamağa çalışıb. Ukrayna məsələsində de-fakto ənənəvi radikal mövqeyini izhar edərək, cəmiyyətə pozitiv siqnallar ötürməyə çalışıb.
Lakin bu zaman unudub ki, Rusiya cəmiyyəti artıq 3-4, hətta 1 il öncəki toplum deyil və rus daha eşitdiyinə yox, gördüyünə inanır. Əgər paytaxt Moskvada benzin “dozalaşdırılmlış” həcmdə, kanistrlə satılırsa, “görünən kəndə nə bələdçi?”..

Hələ işğalçı müharibə təzə-təzə başlayanda yazmışdıq ki, Rusiya öz hədəflərinə çatsa belə, bu, onun üçün “Pirr qələbəsi” olacaq. Yəni, “astarı üzündən baha başa gələcək” bir “qələbə”.
Məsələ də ondadır ki, bir həftəyə Ukraynanı ram edəcəyini deyən rəsmi Kreml 5-ci ildir qonşu ölkədə düşdüyü “bataqlıqdan” çıxa bilmir. Hər şey qırağa, dünyanın ikinci ordusuna sahib olduğunu iddia edən bir dövlət üçün bu, elə strateji məğlubiyyət deyilsə nədir? Rusiyanın fövqəldövlət imici uzun on illiklər üçün ciddi zərbə yeyibsə, onun nüfuzu faktiki yerlə bir edilibsə, buna məğlubiyyət deməyək, bəs nə deyək?..
Dünyanın əksər xalqları və dövlətləri, özəlliklə postsovet ölkələri Moskvaya məhz məğlubiyyət arzu edir. Görəsən niyə? Moskvada bu haqda heç düşünüblərmi? Nə üçün Rusiyanın dost-müttəfiqləri barmaqla sayılacaq qədərdir?
Səbəb bəsit: ona görə ki, Rusiya öz imzasına, beynəlxalq hüquqa, götürdüyü yazılı öhdəliklərə belə, heç vaxt hörmət qoymayan (22 fevral 2022-ci il tarixli Moskva Bəyannaməsini yada salmaq yetər), hələ də imperialist planlarla yaşayan işğalçı bir dövlət. O səbəbə keçmiş müttəfiq respublikalar hamıdan çox Kremlə məğlubiyyət arzu edir.
Ayrı sözlə, Ukrayna gerçək mənada 5 ildir həm də digər postsovet ölkələrinin suverenliyi və müstəqilliyi uğrunda mübarizə aparır.
Слава Україні!..
Z. SƏFƏROĞLU