Orta yaşlı qadınların tez-tez dilə gətirdiyi "Geyinməyə paltarım yoxdur" ifadəsi sadəcə geyim seçimindəki çətinliyi deyil, daha dərin psixoloji məqamları əks etdirir.
Medianews.az xəbər verir ki, bununla bağlı "Journal of Macromarketing" jurnalında məqalə dərc olunub.
Tədqiqat göstərir ki, qarderobundan narazılıq qadınların sosial həyatdan uzaqlaşmasına və ümumi psixoloji rifahının pisləşməsinə səbəb ola bilər. Araşdırmaya görə, geyimindən məmnun olan orta yaşlı qadınlar özlərini daha gümrah hiss edir və sosial tədbirlərdə fəal iştirak edirlər. Əksinə, geyim seçimində çətinlik çəkənlər ictimai mühitdən qaçmağa daha meyllidirlər ki, bu da onların psixoloji durumuna mənfi təsir göstərir.
Tədqiqatda iştirak edən qadınlar alış-veriş zamanı qarşılaşdıqları ən böyük problemlərin ölçü, bədən quruluşuna uyğunluq və üslubla bağlı olduğunu bildiriblər.
Mütəxəssislərin fikrincə, orta yaş dövründə bədən formasının dəyişməsi, bazarda uyğun geyim tapmağın çətinliyi və cəmiyyətin ziddiyyətli gözləntiləri bu narazılığı daha da dərinləşdirir. Nəticədə bir çox qadın öz xarici görünüşünə həddindən artıq fokuslanır və bu diskomfort səbəbindən cəmiyyət arasına çıxmaqdan imtina edir.
Məqalədə vurğulanır ki, doğru geyim seçimi yalnız estetik deyil, həm də insanın özünəinamı və daxili rahatlığı üçün mühüm amildir. Araşdırma birbaşa səbəb-nəticə əlaqəsini tam sübut etməsə də, geyimdən məmnunluğun sosial adaptasiyanı asanlaşdırdığı və psixoloji rifahı yüksəltdiyi qənaətinə gəlib.