Medianews.az
Dövlətlərin hamısını tanıyan uşağı
50 baxış

Dövlətlərin hamısını tanıyan uşağı düşünərkən

Sayın DİM sədrimiz deyir ki, vaxtilə orta məktəblərin buraxılış imtahanına “Ana dili” və “Riyaziyyat”dan sonra 3-cü fənn kimi “Xarici dil”in salınmasını həmin dövrün təhsil naziri Mikayıl Cabbarov təklif eləyibmiş. Sitat: “Mən buna qarşı idim, ancaq təcrübə göstərdi ki, düzgün addım olub”. 

Doğrudan da, hal-hazırda ölkəmizdə xarici dil bilikləri ən vacib biliklər sırasında başda gəlir. Hamı istəyir uşağı ingiliscə, rusca, farsca, ərəbcə, suaxili, yoruba və başqa dillərdə bilsin. Hətta yaxşı olar ana dili və riyaziyyatı ləğv eləyək, çünki bunların bir faydası qalmamışdır. İnanmırsınızsa, Bakının mərkəzi, ən bahalı hissələrində gəzişin, bir tikə zəhər yemək fikrinə düşün, nə bilim, hansısa dükana-zada girin. Azərbaycanda olduğunuzu qəti anlamayacaqsınız. Azərbaycan dili orada işləmir. 

Dünyada başqa hansı ölkədə “ölüsü ilə ərəbcə, dirisi ilə rusca danışan xalq” adlı məsəl var? Mənə məlum deyil. 

Təzəlikcə bir oxucumuz zəng vurmuşdu, deyir Təbrizdə azərbaycanlıların farspərəst və Azərbaycan Respublikası əleyhinə çıxış eləməsinin videosunu görüb, çox qeyzlənmişdir. Mən dedim yaxşı eləyirsən əsəbləşirsən, ancaq onlar heç olmazsa hələ də əsarət altında qaldıqları üçün buna məcburdur, biz isə əsarətdən rəsmən qurtulsaq da “Moskva vaxtı”nda yaşamağa davam edirik. 

Qaldı riyaziyyat, onun da əhəmiyyəti bizdə itmişdir. Məsələn, “iki dəfə ikinin yeddiyə bərabər olduğunu” isbat edən adamı növbəti dəfə seçkilərə başçı təsdiq elədilər. 

Söz vaxtına çəkər, bu gün saytda 7 yaşlı astaralı uşaq barədə reportaja rast gəldim. Sən demə bu uşağın fitri istedadı dünyadakı bütün dövlətləri, onların bayrağını, paytaxtını, hətta dillərini bilməyi imiş. Uşaq gözəl, ağıllı uşaq idi, ancaq mən onu izləyəndə doluxsundum, özümdən asılı olmadı. Çünki bu biliklər ona necə lazım olacaq, hansı faydaları verəcək – şübhəlidir. Süjetin axırında uşaq böyüyəndə müəllim və zəngin olacağını, içində “Ferrari” də daxil 10 maşın alacağını söylədi. 

Aha, bizdə zəngin və “Ferrari” sürən müəllimlər çoxdur axı... Hər gün tikinti maqnatlarının, oliqarx məmurların uşaqları ilə “Əcəmi”nin kruqunda avtoşluğa çıxırlar. 

Elə uşağın öz ailəsində azı 3 müəllim var idi – baba, nənə və ana. O uşağın ağlı azca kəsməyə başlayanda həmin müəllimlərin qətiyyən zəngin olmadığını görəcək, dərk edəcək.  

Quru sərhədləri bağlıdırsa, xarici pasport alanların sayı da buna uyğun olaraq get-gedə aşağı düşürsə, təyyarə biletlərinin qiyməti isə əksinə, kosmosa uçuşun dəyərinə doğru qalxırsa, sən dünya dövlətlərini qiyabi şəkildə əzbər bilsən nə olacaq, bilməsən nə olacaq... (Yəqin rəqəmlər sərf etmədiyi üçün Statkom bizdə neçə nəfərin xarici pasportu olmağının statistikasını heç vaxt açıb-ağartmır).

DİM sədrinin açıqlamasına dönsək, bir maraqlı müşahidəmi bölüşüm: son illərdə əksər əlaçı uşaqlar da bunu qeyd edirlər ki, ana dilindən imtahanla ingilis dilindən imtahan arasında fərq olur və onlar... ingiliscədən tapşırıqları daha asan həll edirlər! Bəlkə tragikomikdir, ancaq necə olur ki, uşaqların xarici dildən topladığı ballar ana dilindən topladığından çox çıxır? Ana dilimiz, onun tədrisi, istifadəsi, imtahanı niyə bu vəziyyətə gəlib çıxmışdır? 

DİM sədrindən xahiş edirəm, Mikayıl müəllimi görsə buraxılışa 4-cü fənni – kimya elmini salmağı da irəli sürsün. Bəlkə bu yolla uca xalqımız reaksiya verməyi öyrənər. (Musavat.com)

 

Zaminb Hacı

Bizə qoşulun