Dövlət İmtahan Mərkəzinin 2027-ci ildən tətbiq etməyi planlaşdırdığı yeni imtahan modeli cəmiyyətdə müzakirələrə yol açıb. Xarici dillər üzrə qiymətləndirmə sistemində nəzərdə tutulan dəyişikliklər, xüsusilə də imtahana esse yazı tapşırığının əlavə olunması sosial şəbəkələrdə və təhsil ictimaiyyətində müxtəlif reaksiyalar doğurub.
Məlumata görə, bu yenilik şagirdlərin yalnız test bacarıqlarını deyil, eyni zamanda yazılı ifadə qabiliyyətini, düşünmə və fikrini əsaslandırma bacarığını da qiymətləndirməyə imkan verəcək. Digər tərəfdən isə valideynlər və abituriyentlər arasında narahatlıq yaradan məqamlar da az deyil.
Medianews.az xəbər verir ki, məsələ ilə bağlı News24.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, ümumilikdə Dövlət İmtahan Mərkəzi son illər imtahan qaydalarını və sualların səviyyəsini getdikcə daha da mürəkkəbləşdirir:
"Repetitorların dili ilə desək, testlərə “tələ suallar”ın salınması abituriyentlərin nəticələrinə birbaşa təsir göstərir. Xüsusilə açıq tipli və məntiqə əsaslanan sualların sayının artması bu ilin nəticələrinin zəif olmasının əsas səbəblərindən biridir. Bu suallar həm geniş mətnlərin oxunmasını, həm də əlavə düşünmə vaxtı tələb edir. Nəticədə abituriyentlər vaxt çatışmazlığı ilə üzləşir və yüksək nəticə göstərmələri çətinləşir. Statistikaya baxsaq, bunu aydın görərik. Son imtahanlarda maksimum 300 bal toplayan cəmi 9 nəfər olub ki, bu da əvvəlki illərlə müqayisədə xeyli azdır”.
Ekspert əlavə edib ki, son illərin müqayisəli təhlili də vəziyyətin mürəkkəbləşdiyini göstərir:
“Məsələn, 2022-ci ildə 2 nəfər maksimum nəticə göstərmişdi, 2023-cü ildə belə nəticə ümumiyyətlə qeydə alınmayıb. 2024-cü ildə bu göstərici 55 nəfərə yüksəlsə də, 2025-ci ildə 44 nəfərə düşdü və nəhayət, 2026-cı ildə cəmi 9 nəfər bu nəticəni əldə edə bildi. Bu isə sualların çətinliyinin artdığını açıq şəkildə göstərir”.
Ekspert hesab edir ki, yeni modeldə esse yazı tapşırığının əlavə olunması da müəyyən problemlər yarada bilər:
"Bu yenilik ali təhsil müəssisələrinə qəbul olanların sayına da təsir göstərə, ümumi nəticələrin aşağı düşməsinə səbəb ola bilər. Azərbaycanda xarici dil deyəndə yalnız ingilis dili yox, rus, fransız, alman dilləri də nəzərdə tutulur. Lakin DİM-in bu sahədə infrastrukturunun və qiymətləndirmə mexanizmlərinin tam təkmil olduğunu demək çətindir. Xüsusilə dinləmə və dil bacarıqlarının yoxlanılması ilə bağlı texniki problemlər əvvəlki illərdə də abituriyentlər tərəfindən səsləndirilib".