Azərbaycanda ət qiymətləri yenidən gündəmdədir.
Medianews.az bildirir ki, İqtisadçı Natiq Cəfərli ölkədə ət istehsalının azalması və bu sahədəki mövcud problemlərin qiymətlərə birbaşa təsir edəcəyini Oxu24.com-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, bazarda bahalaşma qaçılmazdır.
Natiq Cəfərli qeyd edir ki, son 5 il ərzində ölkədə heyvandarlıq sektorunda ciddi geriləmə var:
“İri buynuzlu mal-qaranın sayı son 5 ildə təxminən 300 min baş azalıb. Xırda buynuzlu heyvanların (qoyun və keçi) sayında isə 1,8 – 1,9 milyon baş azalma qeydə alınıb”.
Fermerlər niyə geri çəkilir?
İqtisadçının fikrincə, istehsalın azalmasına səbəb sahənin gəlirsizliyi və artan xərclərdir:
"Fermerlər artıq mal-qara saxlamaqda maraqlı deyillər. Çünki bu, həm ağır, həm də çox az gəlirli bir işə çevrilib”.
Qiymət artımını sürətləndirən bir neçə mühüm faktor sadalanıb:
“Heyvanların otarılması üçün sahələr yetərsizdir. Yerli yem istehsalı tələbatı tam ödəmir. Yemin və heyvanlar üçün nəzərdə tutulan dərmanların qiyməti həddindən artıq bahadır”.
Nəticə: “Yeni dövlət proqramına ehtiyac var”.
Natiq Cəfərli vurğulayır ki, mövcud vəziyyətdən çıxış yolu üçün dövlət tərəfindən heyvandarlıqla bağlı yeni bir proqramın qəbul edilməsi və ciddi təşviq siyasətinin həyata keçirilməsi şərtdir. Əks halda, istehsalın azalması fonunda ət qiymətlərinin yüksəlməyə davam edəcəyi proqnozlaşdırılır.
