Medianews.az
Ankara Universitetinin rektorundan Azərbaycan alimləri
101 baxış

Ankara Universitetinin rektorundan Azərbaycan alimləri haqqında PAYLAŞIM

Aprelin 24-də Ankara Universitetində Azərbaycan-Türkiyə elmi və mədəni əməkdaşlığının müasir tarixinə daha bir uğurla səhifə əlavə edilib. Həmin gün Ankara Universitetində Azərbaycanın görkəmli elm xadimləri – Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin həmmüəllif olduqları “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq”, “Qeyri-səlis məntiq və dil-nitq”, eləcə də azərbaycanlı alimlərin Türkiyənin sabiq təhsil naziri, professor Ziya Selcuk ilə birgə qələmə aldıqları “Uşaqlar üçün qeyri-səlis məntiq” kitablarının təqdimatı və müzakirəsi keçirilib.

Sözügedən mərasimdə iştirak və çıxış edən Ankara Universitetinin rektoru professor Necdət Ünüvar bu əlamətdar görüş və müzakirə barədə özünün X (Twitter) ünvanında xüsusi paylaşımlar edib. 

Görüşdən fotolar da paylaşan rektor N.Ünüvar yazıb: “Ankara Universitetində TÖMER-in təşkilatçılığı ilə keçirilən, Azərbaycanla elmi və mədəni əlaqələrimizi gücləndirən “Azərbaycan Kitab Təqdimatı və Akademik Söhbət Proqramı”nda iştirak etdik.

Qeyri-səlis məntiq yanaşmasının dil, din və mədəni mətnlərlə kəsişməsinin müzakirə olunduğu bu proqram çərçivəsində Azərbaycan Dillər Universitetinin rektoru hörmətli professor Kamal Abdullanı və hörmətli Rafiq Əliyevi, ölkəmizin sabiq Milli Təhsil naziri, hörmətli professor Ziya Səlcuqu universitetimizdə qəbul etməkdən məmnunluq duyduq.

Bu əlamətdar görüşün Türkiyə ilə Azərbaycan arasında akademik əməkdaşlığa və birgə elmi fəaliyyətə mühüm töhfələr verəcəyinə inanır, əməyi keçən hər kəsə, həmçinin görüş üçün Dünya Azərbaycanlı Alimlər Dərnəyinin sədri hörmətli Məsud Əfəndiyevə təşəkkürümü bildirirəm”.

Bizə qoşulun