Medianews.az
Diplomlu işsizlər artır:
237 baxış

Diplomlu işsizlər artır: gənclər üçün çıxış yolu varmı?

Azərbaycanda ali təhsil proqramlarının əmək bazarının real tələblərinə uyğunluğu son illər daha çox müzakirə olunur. Nəticədə gənclər diplom alsalar da, praktik bacarıq çatışmazlığı səbəbindən işsizlik riski ilə üz-üzə qalırlar və bu, həm sosial, həm də iqtisadi problemləri dərinləşdirir. Bəs ali təhsil proqramları əmək bazarına uyğunlaşdırılmasa, gənclər arasında işsizlik hansı həddə çata bilər və bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Bu barədə fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Medianews-a açıqlamasında bildirib ki, bir çox ali təhsil müəssisələrində tətbiq olunan həddən artıq nəzəriyyəyə əsaslanan model artıq bir neçə səbəbə görə səmərəliliyini itirməkdədir:

“Rəqəmsallaşma, texnologiya, sənaye və iqtisadiyyat o qədər sürətlə inkişaf edir ki, tələbənin I kursda öyrəndiyi nəzəri biliklər və ümumilikdə tədris məzmunu o, məzun olana qədər köhnəlmiş olur. Eyni zamanda, auditoriyalarda saatlarla mühazirə dinləmək passiv öyrənmə formasıdır. Araşdırmalar göstərir ki, insan beyni praktikada tətbiq etmədiyi biliklərin böyük hissəsini, hətta 80 faizə qədərini qısa müddətdə unudur. Tələbə öyrəndiyi nəzəriyyənin real həyatda hansı məqsədlə istifadə olunduğunu görmədikdə, onun dərsə marağı və mövzuya bağlılığı azalır. Erkən praktikaya keçidin bir çox üstünlükləri var. Baza nəzəri biliklər əldə edildikdən dərhal sonra, məsələn, II kursdan etibarən praktikaya başlamaq təhsilin keyfiyyətini köklü şəkildə dəyişə bilər. Çünki tələbə iş mühitində konkret problemlə qarşılaşdıqda, onu həll etmək üçün lazım olan nəzəri bilikləri daha dərindən və məqsədyönlü şəkildə öyrənir. Bu cür konseptual yanaşma tələbə üçün daha geniş perspektivlər açır”.

Ekspert qeyd edib ki, komanda işi, zamanın idarə edilməsi, iş etikası və kommunikasiya bacarıqları məhz real iş mühitində formalaşır. Auditoriya şəraitində bunları tam şəkildə simulyasiya etmək mümkün olmur. Bu bacarıqların inkişafı iş və düşüncə mühitində daha effektiv baş verir:

“Digər tərəfdən, erkən praktikaya başlamaq məzunun əmək bazarına daha sürətli adaptasiyasını təmin edir. Belə ki, təcrübəyə erkən başlayan tələbə məzun olduqda artıq 1-2 illik iş təcrübəsinə malik olur. Bu da onu əmək bazarında daha cəlbedici və rəqabətsiz edir. Dünyanın bir çox ölkələrində bu model artıq tətbiq edilir. Bununla belə, qeyd olunan yanaşmanı risk faktoru kimi qiymətləndirənlər də var. Burada əsas məsələ balansın qorunmasıdır. Əgər tələbə kifayət qədər fundamental bilik əldə etmədən praktikaya yönləndirilərsə, o zaman yalnız icraçı rolunda qala bilər. Nəzəriyyə insana sistemli düşünmə qabiliyyəti qazandırır. Buna görə də nəzəri və praktiki təhsil arasında düzgün tarazlıq qurulmalıdır.

Qeyd etdiyim modelə əsasən, tələbə həm təhsil alır, həm də paralel olaraq həftənin müəyyən günlərini istehsalatda və ya şirkətlərdə keçirir. Bu, “tətbiq edərək öyrən” prinsipinə əsaslanan gələcəyin təhsil modelidir. Yəni “öyrən və tətbiq et” deyil, “tətbiq edərək öyrən” yanaşması ön plana çıxır. Tələbənin vaxtının ən azı 40-50 faizini auditoriyadan kənarda, məsələn, laboratoriyalarda yaxud şirkətlərdə keçirməsi təhsilin effektivliyini bir neçə dəfə artıra bilər. Müasir dünyanın reallıqları bu yanaşmanı zəruri edir”.

Oğuz Ayvaz
Medianews.az

Bizə qoşulun