Medianews.az
Dələduzluq nədir? -
424 baxış

Dələduzluq nədir? - Rəsmi arayışdan

Cinayət Məcəlləsinin 178-ci maddəsinə görə, dələduzluq 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən; təkrar törədilən; qulluq mövqeyindən istifadə etməklə törədilən; xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluğun maksimum cəzası 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmədir.

Mütəşəkkil dəstə tərəfindən törədilən; külli miqdarda ziyan vurmaqla törədilən dələduzluğa 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası düşür.

Dələduzluğun xüsusilə külli miqdarda ziyan vurmaqla törədilməsi halında 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilir.

Bəs şəxsin əməli hansı halda dələduzluq kimi qiymətləndirilməlidir?

Medianews.az bildirir ki, Ali Məhkəmənin Plenumu 11 iyun 2015-ci ildə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərar qəbul edib. Həmin qərara görə, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab olunur ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqlarını əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.). Ali Məhkəmənin Cinayət Kollegiyası bununla bağlı rəsmi açıqlamasında (10 sentyabr 2025-ci il) qeyd edib ki, subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməlidir: “Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldəetmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur.

Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb, əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir”.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun