Medianews.az
Dadlı və şirəli almaları
45 baxış

Dadlı və şirəli almaları necə seçmək olar?

Almalar sağlamlıq üçün faydalı hesab olunur, lakin bu faydanı görmək üçün meyvənin təzə və keyfiyyətli olması vacibdir. Bazardan və ya mağazadan alma alarkən bir neçə sadə əlamətə diqqət yetirmək kifayətdir.

Medianews.az Foodinfo.az-a istinadla xəbər verir ki, düzgün seçilməyən alma həm dadsız ola, həm də gözlənilən faydanı verməyə bilər.

Mütəxəssislər bildirirlər ki, almanın qabığında qəhvəyi ləkələr, xırda nöqtələr və qırışlar olmamalıdır, çünki bunlar meyvənin köhnəldiyini və ya xarab olduğunu göstərir. Yaşıl almalar adətən daha turş, qırmızı almalar isə nisbətən şirin olur. Görünüşcə tam hamar və ideal olmayan almalar çox vaxt daha dadlı və faydalı çıxır.

Keyfiyyətli alma möhkəm, ağır və əllə sıxdıqda bərk olmalıdır. Yumşaq almaların içi çox zaman boş və dadsız olur. Yetişmiş almaların xoş və aydın qoxusu hiss edilir, qoxusu olmayan meyvənin dadı da zəif olur.

Mənbəyə görə, xaricdən gətirilən almalar daşınmaya davamlı olsun deyə çox vaxt tam yetişməmiş yığılır və bu səbəbdən mövsümi yerli sortlarla müqayisədə daha az faydalı olur. Almanın saxlanması üçün yalnız zədəsiz meyvələr seçilməli, müxtəlif növlər ayrı-ayrılıqda qorunmalıdır. Almaları yumaq məsləhət görülmür, onları kağıza bükərək havalanan qutuda saxlamaq daha məqsədəuyğundur.

Almalar üçün ən uyğun saxlanma temperaturu mənfi 1 dərəcədən müsbət 5 dərəcəyədək hesab olunur. Meyvələr vaxtaşırı yoxlanmalı, xarab olanlar digərlərindən ayrılmalıdır. Bu qaydalara əməl etdikdə almalar daha uzun müddət təzə və dadlı qalır.

Bizə qoşulun