Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadəni qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, İranda son gərginlik, eləcə də regional məsələlər müzakirə olunub.
Nazir müavini V.Cəlalzadə İranda son gərginlik və hazırki vəziyyət barədə ətraflı məlumat verib.
Nazir Ceyhun Bayramov öz növbəsində İranda sabitliyə önəm verdiyimizi vurğulayıb, son hadisələr zamanı həlak olanların ailələrinə başsağlığı diləklərini çatdırıb.
Azərbaycanla İran arasında dost münasibətlərin inkişafında ölkə başçıları arasında təmasların, qarşılıqlı səfərlərin, o cümlədən mövcud siyasi dialoqun vacibliyi, ümumi maraq kəsb edən məsələlərin müzakirəsinin əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi bildirilib.
Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının işi məmnunluqla qeyd olunub.
İki ölkə arasında nəqliyyat və kommunikasiya sahələri üzrə əməkdaşlığın perspektivlərini müzakirə edən tərəflər, xüsusilə Azərbaycan və İran tərəfindən icra olunan bir sıra layihələrin regionumuzdan keçən nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynadığı diqqətə çatdırılıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.