Azərbaycanda əcnəbilərə təxirəsalınmaz onkoloji yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına göstəriləcək.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirə olunan “Onkoloji yardım haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin onkoloji müəssisələrdə müayinə və müalicəsi ödənişli əsaslarla həyata keçirilir.
Qanun layihəsinə əsasən, onlara təxirəsalınmaz onkoloji yardım isə ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına göstəriləcək.
Həmçinin, dövlət onkoloji xəstələrin dispanserizasiyası, müayinə, müalicə və reabilitasiyasını həyata keçirən ixtisaslaşdırılmış dövlət tibb müəssisələrinin, dövlət onkoloji xidmət strukturlarının yaradılması və onların maddi-texniki bazasının gücləndirilməsinə, dövlət tibb müəssisələrində müalicə-diaqnostika təchizatına və yüksək effektli dərman vasitələrinə, o cümlədən narkotik və qeyri-narkotik ağrıkəsici preparatlara olan tələbatın tam təmin edilməsinə təminat verəcək.
Onkoloji yardım göstərən dövlət tibb müəssisələrində onkoloji xəstələrin dərman vasitələri ilə təminatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçiriləcək.
Onkoloji yardım göstərən dövlət tibb müəssisələrində onkoloji xəstələrin müalicəsi üçün illik ayrılan dərman vasitələrinin, o cümlədən narkotik və qeyri-narkotik ağrıkəsici preparatların siyahısı və miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.