Bu il Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaqmı?

Medianews.az-ın sualını cavablandıran politoloq Xaqani Cəfərli bildirib ki, Azərbaycanla Ermənistan arasında münaqişə Azərbaycan və erməni xalqlarının iradəsinin nəticəsi olmadığı kimi, sülh də bu iki xalqdan tam asılı deyil: “Böyük dövlətlərin müdaxiləsi önəmli rol oynayır. Rusiyanın müdaxiləsi həmişə münaqişənin dondurulmasından yana idi. Rusiyanın zəifləməsi, ABŞ Prezidenti Donald Trampın məharətli müdaxiləsi sülh müqaviləsinin paraflanmasına gətirib çıxardı. Proseslər bu istiqamətdə gedərsə, sülh müqaviləsi ilin ikinci yarısında imzalana bilər. Rusiyanın Ermənistanda hakimiyyəti dəyişmək cəhdi bir nəticə versə, sülh müqaviləsinin imzalanması ən azı təxirə düşə bilər.
Mənim ehtimalım belədir ki, Rusiyanın müdaxiləsi yetərsiz olacaq və Nikol Paşinyan Ermənistanda hakimiyyətini qoruya biləcək. Eyni zamanda Rusiya və İranda baş verəcək hadisələr Moskva və Tehranın Cənubi Qafqaza təsirini daha da azaldacaq, bəlkə də ümumiyyətlə ortadan qaldıracaq. Bu isə bölgədə dayanaqlı sülhün yaranmasının əsas şərti olduğu üçün, sülh müqaviləsinin imzalanmasından asılı olmayaraq, əməkdaşlıq dərinləşəcək”.

Medianews.az xatırladır ki, 1989-cu il dekabrın 1-də Ermənistan parlamentinin və “Dağlıq Qarabağ milli şurası” adlı qondarma qurumun birgə iclasında Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsi qərarı çıxarılıb.
1990-cı il avqustun 23-də Ermənistan parlamenti müstəqillik bəyannaməsi qəbul edib. Bəyannamədə 1 dekabr 1989-cu il qərarına da istinad olunub, yəni dolayısı ilə Dağlıq Qarabağ Ermənistan ərazisi kimi tanınıb.
1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib, sentyabrın 21-də isə Ermənistanda müstəqillik referendumu keçirilib, ardınca hərbi təcavüz sürətlənib, 1994-cü ilin mayına qədər Azərbaycanın altıda biri işğal olunub. Mayın 12-də atəşkəs sazişi imzalanıb.
5 iyul 1995-ci ilin referendumunda Ermənistan Konstitusiyası qəbul olunub. 27 noyabr 2005-ci il və 6 dekabr 2015-ci ilin referendumlarında yenilənən konstitusiyanın preambulasında 23 avqust 1990-cı il bəyannaməsinə istinad var. Azərbaycan bunu əsas götürərək Ermənistan Konstitusiyasının yenilənməsi tələbini qoyub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaşdan sonrakı danışıqlar, lokal hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub.
2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən Dağlıq Qarabağ rejiminə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb.
2025-ci il martın 13-də Azərbaycanla Ermənistan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsini razılaşdırıb.
Həmin il avqustun 8-də Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə Birgə Bəyannamə imzalayaraq sərhədlərin toxunulmazlığı, ərazi əldə olunması üçün güc tətbiqinin yolverilməzliyi əsasında qonşuluq münasibətlərinin qurulması öhdəliyi götürüb, iki ölkənin xarici işlər nazirləri isə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini paraflayıblar. Vaşinqtonda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən, Ermənistandan keçən dəhlizin (Zəngəzur dəhlizi) yaradılması da razılaşdırılıb. Bu layihə ABŞ-ın patronajlığı ilə gerçəkləşəsidir.
Nailə Qasımova,
Medianews.az