Medianews.az
Bu halda müalicə üçün göndəriş müraciətinə 24 saat ərzində baxılır -
58 baxış

Bu halda müalicə üçün göndəriş müraciətinə 24 saat ərzində baxılır - RƏSMİ AÇIQLAMA

"Göndərişlə bağlı tibbi xidmətlərin göstərilməsi üçün müəyyən edilmiş gözləmə müddətləri var: ambulator xidmətlərlə yanaşı instrumental-diaqnostik və laborator müayinələr göndəriş verildiyi tarixdən gec olmayaraq 14 gün ərzində, planlı stasionar tibbi yardım isə 20 gün ərzində həyata keçirilməlidir. Təcili və təxirəsalınmaz hallarda isə tibbi yardım dərhal göstərilir."

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova BAKU.WS-in sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, praktikada müşahidə olunan problemlərin böyük hissəsi texniki və prosedur xarakterlidir. Bəzi müraciətlər zamanı tibbi əsaslandırmanı təsdiqləyən sənədlərin - instrumental və laborator nəticələrin elektron sistemə tam yerləşdirilməməsi, yaxud əlaqə məlumatlarının daxil edilməsində texniki uyğunsuzluqlar təsdiq prosesinin uzanmasına səbəb olur. Bu səbəbdən Agentlik tibb müəssisələrinə metodiki dəstək göstərir və vətəndaşlar üçün maarifləndirmə tədbirlərini davam etdirir.

Agentlik bildirir ki, planlı müayinə və müalicə üçün göndəriş düzgün tərtib edildikdə müraciətə 24 saat ərzində baxılır və təsdiq kodu vətəndaşa SMS vasitəsilə göndərilir. Göndəriş 10 iş günü ərzində etibarlıdır və pasiyent özəl tibb müəssisəsi seçməkdə sərbəstdir. İTS çərçivəsində göstərilən xidmətlərin dəyəri tam şəkildə Agentlik tərəfindən qarşılanır.

Məlumatda həmçinin qeyd olunub ki, hər hansı çətinlik yaranarsa, vətəndaşlar 24/7 fəaliyyət göstərən 1542 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər. Həyati təhlükə ilə müşayiət olunan təcili müdaxilələr zamanı isə göndəriş təsdiqini gözləməyə ehtiyac yoxdur.

Bizə qoşulun