Sosialist İnternasionalı (Sosintern) ermənilərin müdafiəsinə qalxıb. Təşkilat Qarabağda mövcud olmuş keçmiş xunta rejiminin liderlərinə oxunan hökmlə bağlı bəyanat yayıb.
Medianews.az xəbər verir ki, bəyanatda erməniəsilli hərbi canilərin barəsində məhkəmə qərarından "dərin narahatlıq" ifadə olunur.
Bəyanatda vurğulanıb ki, beş ömürlük həbs cəzasını özündə ehtiva edən bu hökm "sülh və barışıq səylərinin ruhuna ziddir".
O da qeyd edilib ki, "Azərbaycan rəhbərliyi Vaşinqton Bəyannaməsini imzalamaqla onilliklər ərzində ilk dəfə olaraq öz ərazisindən Ermənistana yüklərin tranzitinə icazə verən mühüm bir addım atıb. 2026-cı ilin yanvar ayında 2020 və 2023-cü illərdə həbs edildikdən sonra Azərbaycanda həbs cəzası çəkən dörd erməni azadlığa buraxılıb.
Bu ruhda, digər beynəlxalq təşkilatların səsi ilə birləşərək, Azərbaycan hakimiyyətini yaxın gələcəkdə mövcud müsbət dinamikanı inkişaf etdirməyə və Azərbaycanın nəzarətində olan bütün erməni məhbuslarını azad etməyə çağırırıq. Belə bir addım xoşməramlılığın əhəmiyyətli təzahürü olardı və Cənubi Qafqazda sabitliyə əhəmiyyətli dərəcədə töhfə verərdi".
Məlumat üçün deyək ki, Sosialist İnternasionalı sosial-demokrat, sosialist və fəhlə partiyalarını birləşdirən beynəlxalq təşkilatdır. O, bütün qitələrdə 100-dən çox ölkədən 132 siyasi partiya və təşkilatı birləşdirir.
Azərbaycan Sosial Demokrat Partiyası "Sosintern" üzvü olub. Ermənistandan isə Daşnaksütyun bu təşkilata üzvdür.
Təşkilat erməni canilərin müdafiəsinə qalxmaqla özünün ideoloji dəyərlərinə zidd mövqe tutub. Çünki həbsdə olan keçmiş xuntaçılar Azərbaycanda separatizm və terrorizmlə məşğul olublar.