Meksikanın Kuautla şəhərində keçmiş şəhər katibi Briss Mahalaleh Rojas de la Kruzun bələdiyyə binasının dəhlizində gənc qadına fiziki və şifahi hücum etdiyini əks etdirən görüntülər böyük qalmaqala səbəb olub.
Medianews.az xəbər verir ki, sosial mediada yayılan video qısa müddətdə geniş rezonans doğurub və ictimaiyyətin sərt reaksiyasına səbəb olub.
Hadisənin bələdiyyə binasının dəhlizində baş verdiyi bildirilir. Görüntülərdə Rojas de la Kruz ilə gənc qadın arasında mübahisə yaşandığı, mübahisənin qısa müddət sonra fiziki qarşıdurmaya çevrildiyi əks olunub. Videoda tərəflərin bir-birinə sərt sözlər dediyi, daha sonra isə keçmiş məmurun qadına fiziki müdaxilə etdiyi görünür. Hadisə zamanı ətrafdakı şəxslərin müdaxilə etməyə çalışdığı da kadrlarda yer alıb.
Görüntülərin yayılmasından sonra sosial media istifadəçiləri hadisəyə kəskin reaksiya verərək məsələ ilə bağlı rəsmi araşdırma başlanmasını tələb ediblər.
Rəsmi qurumlar tərəfindən hadisə ilə bağlı hələlik geniş açıqlama verilməsə də, ictimaiyyətdə məsələnin məhkəməyə çıxarılacağı və hüquqi araşdırmanın aparılacağı gözlənilir. Hadisə ölkə gündəmində geniş müzakirə olunmağa davam edir.
Medianews.az