Medianews.az
Bananların qaralmasının qarşısı necə alınır və təzəliyi necə uzadılır
90 baxış

Bananların qaralmasının qarşısı necə alınır və təzəliyi necə uzadılır

Bananlar dünyada ən çox sevilən meyvələrdən biri olsa da, yığıldıqdan sonra tez yetişməsi və xarab olması ilə seçilir. Bu xüsusiyyət həm saxlanma, həm də daşınma zamanı ciddi itkilərə səbəb olur. 

Medianews.az Foodinfo.az-a istinadla xəbər verir ki, alimlər bananların daha uzun müddət təzə qalmasına kömək edən təbii üsul aşkarlayıblar.

Sultan Qabus Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, bəzi bitki yağları bananların tez qaralmasının qarşısını ala və keyfiyyətini qoruya bilər. Araşdırmada zeytun yağı və morinqa bitkisindən alınan yağdan yeməli qoruyucu qat kimi istifadə olunub. Alimlər bu yağların bananların su itirməsini azaltmaq, yetişməni ləngitmək və görünüşünü saxlamaq qabiliyyətini araşdırıblar.

Təcrübədə iki növ banan — “Kavendiş” və “Süd bananı” istifadə edilib. Meyvələrin üzərinə nazik yağ qatı çəkilib və onlar 15 və 25 dərəcə temperaturda 12 gün saxlanılıb. Yağ vurulmayan bananlar isə müqayisə üçün ayrıca saxlanılıb. Bu müddətdə bananların çəkisi, içinin bərklik dərəcəsi, qabığının rəngi, turşuluğu və şəkər miqdarı mütəmadi yoxlanılıb.

Nəticələr göstərib ki, təbii yağla örtülmüş bananlar xeyli daha gec yetişib. Onlar daha az su itirib, uzun müddət möhkəmliyini və qabığının yaşıl rəngini qoruyub. Xüsusilə 15 dərəcə temperaturda saxlanılan bananlarda xarab olma prosesi nəzərəçarpacaq dərəcədə yavaşıyıb.

Bundan əlavə, yağlar bananların daxili tərkibinin sabit qalmasına da kömək edib. Xüsusilə “Kavendiş” növündə faydalı maddələr daha uzun müddət saxlanılıb və 12 gün sonra belə meyvələrin görünüşü satış üçün uyğun qalıb. Alimlər bildirirlər ki, bu üsul süni qoruyucu maddələrə ekoloji cəhətdən daha təhlükəsiz alternativ ola bilər və banan istehsalı ilə məşğul olan ölkələr üçün mühüm üstünlüklər yarada bilər.

Bizə qoşulun