Medianews.az
Bacımgilə qız gətirib, arvadıma xəyanət etdiyimi dedi —
75 baxış

Bacımgilə qız gətirib, arvadıma xəyanət etdiyimi dedi — Kürəkən qayınananı döydü

Biləsuvar rayonunda 1993-cü il təvəllüdlü Pənah qayınanası Füruzəyə (adlar şərtidir – red.) xəsarət yetirib.

Medianews.az bildiri ki, Hadisə ötən ilin noyabrın 20-də baş verib. Pənah həmin gün saat 18 radələrində qayınanası Füruzənin yaşadığı ünvanda onunla şəxsi münasibətlər zəminində, yəni qayınanasının onu arvadı Nəcibəni aldatmasında günahlandırması səbəbilə aralarında mübahisə yaranıb. Mübahisə zamanı o, Füruzəni bir neçə dəfə yumruq zərbəsi ilə sifət və alın nahiyəsindən vurub.

Pənahın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Pənah ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, 2016-cı ildə həmkəndlisi Nəcibə ilə ailə həyatı qurub:

“Bu evlilikdən iki övladımız var. Zərərçəkmiş Füruzə mənim qayınanamdır. Mənim arvadım ilə ailə münasibətim yaxşıdır. Qayınanam mənimlə arvadımın arasını çox hallarda pozmaq istəyib. Hadisədən əvvəlki günlərdə bir neçə gün olardı ki, Füruzə mənim bacımgilə başqa bir qızı gətirib, arvadıma xəyanət etdiyimi bildirdi. Hadisə günü saat 18 radələrində qayınanamın evinə getdim. Evdə qayınanam, qaynım və qayınatam olub. Mən qayınanama arvadımı aldatmadığımı və bacımın adını çəkməməsini dedim. Füruzə dediklərini təkrarladıqda aramızda mübahisə yarandı. Mübahisə zamanı stolun üzərində olan şüşə stəkanı götürərək stola vurdum və həmin zaman əlim kəsildi. Sonra yumruqla Füruzənin sağ alın və göz nahiyəsinə vuraraq ona xəsarət yetirdim”.

Zərərçəkmiş Füruzənin sözlərinə görə, qızı ilə kürəkəni Pənahın ailə münasibətləri əvvəl yaxşı olub, lakin arabir aralarında sözlü mübahisə və münaqişələr yaranıb:

“Bir neçə gün idi ki, Pənahın qızıma xəyanət etdiyini öyrəndim. Məlum hadisə günü saat 18 radələrində Pənah içkili halda yaşadığım ünvana gəldi. Həmin vaxt evdə mən, oğlum və ərim olub. Mən Pənaha qızımı aldatmasını bildirdim. O, qızımı aldatmadığını dedikdə, aramızda mübahisə baş verdi. Mübahisə zamanı Pənah stolun üzərində olan şüşə stəkanı götürərək stola vurdu. Sonra isə yumruqla sifətimin sağ alın və göz nahiyəsinə vuraraq xəsarət yetirdi. Həmin zaman oğlum və ərim bizi aralaşdırdı. Sonra Pənah evdən getdi”.

Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Pənahın barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib. O, cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.

Bizə qoşulun