Fevralın 2-də Milli Məclis Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişiklikləri nəzərdə tutan konstitusiya qanununu ikinci səsvermədə təsdiqləyib.
Naxçıvan Konstitusiyasına dəyişiklikləri Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 2025-ci ilin fevral ayının 20-si birinci səsvermədə, mayın 21-də ikinci səsvermədə qəbul edib.
İkinci səsvermədən sonra layihə təsdiq üçün Milli Məclisə göndərilib.
2025-ci il iyunun 21-də Milli Məclis Naxçıvan Konstitusiyasına dəyişiklikləri nəzərdə tutan qanun layihəsini birinci səsvermədə qəbul edib. İkinci səsvermə birinci səsvermədən 6 ay sonra, 2026-cı il fevralın 2-də keçirilib.
Milli Məclis Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına təklif edilən dəyişiklikləri ikinci səsvermədə təsdiqləyəndən sonra bu dəyişikliklərin tam qüvvəyə minməsi üçün yalnız bir addım qalır – Azərbaycan Prezidentinin dəyişiklikləri imzalaması.
Dövlət başçısı imzalayandan sonra Naxçıvan Muxtar Respublikası Konstitusiyasının dəyişdirilməsi üzrə prosedurlar başa çatacaq, Naxçıvan Konstitusiyası yeni redaktədə qüvvəyə minəcək.
Medianews.az bildirir ki, Naxçıvan Konstitusiyası dəyişəndən sonra Azərbaycan Konstitusiyasının da dəyişməsi zərurətə çevrilir.
Bunu ən azı muxtar respublikanın ali vəzifəli şəxsi ilə bağlı müddəanın Naxçıvan Konstitusiyasından çıxarılması diktə edir.
Milli Məclisin ikinci səsvermədə qəbul etdiyi dəyişikliyə əsasən, Naxçıvan Konstitusiyasının 5-ci maddəsi bütünlüklə ləğv olunur. Həmin maddə “Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi” adlanır.
Amma məsələ ondadır ki, Ali Məclis sədrinin Naxçıvanın ali vəzifəli şəxsi olduğu təkcə Naxçıvan Konstitusiyası ilə yox, Azərbaycan Konstitusiyası ilə də təsbit edilib. Azərbaycan Konstitusiyasının “Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi” adlı 136-cı maddəsində deyilir: “Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir”.
Naxçıvan Konstitusiyasına dəyişiklik Prezidentin imzası ilə qüvvəyə minəndən sonra muxtar respublikanın konstitusiyası ilə Azərbaycanın ana qanunu arasında uyğunsuzluq yaranacaq.
Azərbaycan Konstitusiyası ölkənin əsas qanunudur və bütün digər hüquqi aktlardan üstündür. Ona görə ölkənin konstitusiyasında yazılıbsa ki, muxtar respublikanın ali vəzifəli şəxsi Ali Məclisin sədridir, deməli, bu, belədir və heç bir digər qanun bunu inkar edə bilməz. Yalnız Azərbaycan Konstitusiyası dəyişəndən sonra Ali Məclisin sədri muxtar respublikanın ali vəzifəli şəxsi sayılmaya bilər.
Azərbaycan Konstitusiyasının dəyişməsi üçün isə referendum keçirilməlidir. Ölkənin ana qanunu yalnız ümumxalq səsverməsi ilə dəyişə bilər.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyası yeni redaktədə qüvvəyə minəndən sonra ölkədə belə bir referendumun keçirilməsi zəruri xarakter alır. Bu baxımdan 2026-cı ildə Azərbaycanda konstitusiya referendumunun keçiriləcəyi real, hətta qaçılmazdır.