Medianews.az
Yas mərasimində ehsan yığışdırılsa, nəticəsi bu olacaq –
3,459 baxış

Yas mərasimində ehsan yığışdırılsa, nəticəsi bu olacaq – XƏBƏRDARLIQ+EKSKLÜZİV

Son vaxtlar Azərbaycanın ayrı-ayrı rayonlarında yas mərasimləri zamanı xörək verilməsinin yığışdırıldığı haqda xəbərlər yayılır. Xəbərlərdə yasda ehsanların sadələşdirilməsi barədə ictimai səviyyədə, ilk növbədə dindarlar və ağsaqqallar arasında razılığa gəlindiyi bildirilir.

Yas mərasimlərində ehsanların sadələşdirilməsi təşəbbüsü yeni deyil. Əvvəlki illərdə də belə təşəbbüslər olub, hətta xörəklərin hüquq mühafizə orqanları tərəfindən müsadirə edilib uşaq evlərinə, hərbi hissələrə aparılması halları da baş verib. Amma bu cəhdlərin heç biri yas mərasimlərində xörək verilməsi ənənəsini sıradan çıxarmayıb. Elə hazırkı təşəbbüslər də bundan xəbər verir.

Son aylar bəzi bölgələrdə yas mərasimlərinin sadələşdirilməsi cəhdlərinin nəticə verəcəyinə, ölkəmizdə yas mərasimlərində xörək verilməsi ənənəsinin aradan qalxacağına inanmaq olarmı? Yəni indiki cəhdlər baş tutacaqmı, yoxsa əvvəlki cəhdlər kimi puça çıxacaq?

Mövzu ilə bağlı Medianews.az-a danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib ki, bu problemlə bağlı vaxtilə çox çağırışlar edib: “Həm telekanallardakı sosial verişlərdə, həm də saytlarda verdiyim ekspert rəylərində yasların təmtəraqlı keçirilməsinin qəti əleyhinə olmuşam. Apardığımız maarifçilik nəticəsində qırx gün sürən yas mərasimləri faktiki iki günə çevrilib. Yəni əvvəllər dəfn günü də, üç, yeddi mərasimlərində də, cümə axşamlarında, mərhumun qırxında təmtəraqlı ehsanlar verilirdisə, süfrələr açılır, yeməklər, şirniyyatlar təqdim olunurdusa, indi bunlar yoxdur. Bir çox halda dəfn günü ümumiyyətlə xörək verilmir, dəfn bitəndən sonra hamı evinə dağılışır. Rayon yerlərində ikinci gün ancaq kənardan gələn qonaqlara ehsan verilir. Həmin ehsandan məclisdə işləyənlər də yeyirlər. Çünki onlar bütün günü məclisdə çalışırlar, məclisə gələn adamları qəbul edirlər. Sözsüz ki, gündə üç dəfə evlərinə gedib yemək yeyib geri qayıtmağa fürsətləri olmur. Şəhər yerlərində üç, yeddi mərasimləri birləşdirilib. Bəzən cümə axşamları da birləşdirilir və cümə axşamlarının birində, o da bütün gün yox, günün yarısında çay, halva, şirniyyat, hərdən plov verilir, Quran oxunur və məclis yarım günə yekunlaşır. Rayon yerlərində də günortayadək məclislər xətm edilir. Prinsipcə əvvəlki təmtəraq qalmayıb. Bu, məsələnin pozitiv tərəfidir.

Gəlin digər tərəflərə də baxaq. Təmtəraqlı ehsan verənlər hər halda pullu adamlar, məmurlardır. Kasıbın elə bir imkanı yoxdur ki, öz ölüsü üçün təmtəraqlı yas tutsun. Məsələnin ikinci tərəfi budur.

Üçüncüsü, mən hesab edirəm ki, belə məsələlərin üstünə çox da getmək olmaz. Xalqımızın bütün adət-ənənələrinin üstündən xətt çəkə bilmərik. Axı, yas məclisləri bizdə sosiallaşma, insanların bir-birini görmək, bir-birinin kədərinə şərik olmaq, bir-birinə kömək etmək, dayaq durmaq mərasimləridir”.

Toy mərasimləri kimi yas mərasimlərinin də Azərbaycanda tarixən həmişə mərhəmət, köməkləşmə aksiyası kimi keçirildiyini vurğulayan Aydın Xan Əbilov əlavə edib: “Yadıma gəlir, bizim uşaqlıq dövrümüzdə məhəllədə hüzr düşəndə nəinki yasa batmış ailənin qohum-əqrəbası, qonşular, məhəllənin başqa sakinləri də yemək bişirib məclisə gətirərdilər. Mollanın da xörəyini onlar hazırlayardılar. Amma vəziyyət düzəldikcə, güzəran yaxşılaşdıqca yas yiyələri artıq özləri bu işləri həyata keçirməyə başladılar. Bir çox rayonda yasa pul salınır, hüzrü düşən ailəyə kömək edilir. Bu da ev sahibinin həm maddi, həm mənəvi, həm də psixoloji cəhətdən özünü toxtaq hiss etməsinə səbəb olur.

İndi sosiallaşma məkanlarından biri olan yas mərasimlərini yığışdırsaq, nəticə nə olacaq? Bununla biz nə etmək istəyirik? Onsuz da insanlar sosial şəbəkədən, internetdən çıxmırlar, evlərinin içinə giriblər, tərpənmirlər, hərəkət etmirlər. İndi əvvəlki kimi toylara, şənliklərə də getmirlər. Ehsanlar tam yasaqlansa, faktiki hüzr mərasimi dediyimiz bir ənənəyə son qoyula, insanlar yas mərasimlərinə də arxa çevirə bilərlər. Sonra insanları bir yerə yığmaq, mərhəmət və sosiallaşma kimi ümumbəşəri, ümummilli, həm də dini dünyagörüşü təbliğ etmək çətin olacaq. Bəli, yaslarda yeməklərin sayını azaltmaq, prosesi sadələşdirmək olar. Amma bütövlükdə uzaqdan gələn qonağa necə deyə bilərsən ki, dur get restoranda yemək ye, yenidən məclisimə gəl. Yaxud da gəlmisən, çay iç, sonra get restoranda yemək ye, oradan da çıxıb gedərsən evinə. Bakıdan rayona gedən və ya rayondan Bakıya gələn adam nə qədər xərcə düşür. Ona mərasimdə yemək verməsən, restoranda yeməli olacaq, bu isə “Əlinin papağını Vəlinin başına qoymaq” kimi bir işdir”.

Açıqlamasında yazıçı-kulturoloq məsələnin başqa tərəflərinə də toxunub: “Mərasim evləri ayrı-ayrı şəxslərə məxsusdur. Bir çox maraqlı tərəf (mən bilmirəm, bəlkə də iri məmurlar, bəlkə də biznes strukturlarının nümayəndələri) həmin mərasim evlərini sahiblərindən alıb öz əlinə keçirməyə, yəni bu biznesi inhisara almağa çalışır. Bunun əleyhinə çıxmaq lazımdır. Azərbaycanda az-çox inkişaf edən sahə xidmət sahəsidir. Başqa sahələrdə inkişaf demək olar ki, yoxdur. İşsizlik artır. Hər mərasim evində neçə adam çalışır - yemək bişirənlər, qab yuyanlar, ofisiantlar... Həmçinin mərasim evləri fermerlərdən kənd təsərrüfatı malları, ərzaq alır, işıq pulu, qaz pulu, su pulu, vergi verir. Yəni mərasim evləri iş yerləridir, vergi ödəyicisidir. Necə olur ki, yasda təmtəraqlı yeməyi qadağan edirik, amma ayrı-ayrı məmurlara məxsus möhtəşəm şadlıq evlərindəki israfçılığa qarşı çıxmırıq? Yaxud restoranlarda, turizm mərkəzlərində, əyləncə mərkəzlərində, Bakıda ərəblərə xidmət edən kafelərdə bütün gün yarıçılpaq gəzən qadınlara, bədənini satan gey oğlanlara niyə göz yumuruq? Amma əsrlər boyu formalaşmış yas mərasiminə, ehsanlara qarşı çıxırıq. Onda gəlin məhərrəmlikdə, orucluqda verilən ehsanlara da qarşı çıxaq. Orucluqda məgər azmı süfrə açılır? Şəriət qayda-qanunlarına görə orucluqda ehsan kasıblara verilməlidir, amma hər kəs öz dəstəsindən olan varlılara ehsan yedirdir. Özlərini göstərmək üçün ehtiyacı olmayan adamları ehsana dəvət edirlər. Gəlin onları da qadağaın edək. Nə üçün biz yalnız yas mərasimlərinin üstünə düşmüşük? Əslində biz bununla milli-mənəvi dəyərləri özündə ehtiva edən bir mərasimi sıradan çıxarmaq istəyirik”.

Yas mərasimlərində ehsan verilməsinə inzibati müdaxilələrin əleyhinə çıxan Aydın Xan Əbilov bildirib ki, bu, qanunvericiliyə də ziddir: “Hüzrü düşən ailə öz ölüsünə ehsan verir, onların icazəsi olmadan ehsanı götürüb aparmağa, - lap qocalar evinə və ya uşaq evinə verilsə belə, - heç kimin ixtiyarı yoxdur. Bunu yalnız ehsan verənin özü edə bilər. Tutalım, bişirilən xörəyin bir qismini kasıb-kusubun balalarına, qocalar evinə paylaya bilər. Yaxud hansısa məktəbin bir otağını, yaxud küçəni təmir etdirə, ağac əkə bilər. Bununla da təbliğ edə bilər ki, yasda xörək əvəzinə insanlar ehsanı bu şəkildə versinlər. Amma ehsanı qadağan etmək, ehsan verənə mane olmaq olmaz. Biz sadəcə maarifçiliyi gücləndirməklə insanlarımızı təmtəraqlı ehsan süfrələri açmaqdan çəkindirə bilərik. İctimai qınaq ola bilər. İnzibati yasaq ola bilməz. Bütövlükdə isə mən yas mərasimlərində heç bir yemək verilməməsinin qəti əleyhinəyəm”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun