Təzəlikcə, 6 iyunda xeyli insan internet profillərində belə müdrik-fəlsəfi-riyazi-elmi-dini-metafizik informasiya paylaşmışdı: “6 iyun, 2026 – bir daha belə tarix olmayacaqdır!”. Guya ayın 6-sının 6-cı ildə, şənbə gününə düşməsi nəticəsində nəsə fısqırıq yenilik baş verirmiş.
Hətta Ədliyyə Nazirliyindən alınan bir evlənmə statistikası da paylaşılmışdı, deyir həmin “güzgülü” tarixdə nikah bağlayan zəhmətkeşlərimizin sayı 4 dəfə artmış imiş. Adi günlərdə ortalama 130-135 nikah bağlanırmış, 6 iyunda isə 556 nikaha çıxıbmış!
Əlbəttə, sonra həmin evlənənlər adətən qırğın-qiyamətə çıxaraq boşanırlar, həqiqi toy güzgüsünü qırırlar və ölkəmizdə boşanma sayını ildən-ilə artırmış olurlar, lakin indi tema bu deyil. Məni rəqəmlərin mistikasına inam düşündürdü. Həmin insanlar üçün içində çoxlu 6 rəqəmi olan gündə ailə qurmaq sanki xoşbəxtliyə açar imiş.
Nə sözümüz ola bilər? Heç zad. Bir slavyan ata sözündə deyilən kimi: “Balıq olmayan yerdə, xərçəng də balıq sayılır”.
Lakin zəhmətkeşlərimizin “bu gün bir daha olmayacaq” yazan kəsiminə demək istəyirəm ki, bizim bütün günlərimiz nadirdir, təkrarsızdır, məsələn, “14 iyun 2026-cı il” də təkrarən gəlməyəcəkdir. Buna əmin ola bilərsiniz. Lap elə rəqəm, rəmz mənasında da təkrar yoxdur.
Rəhmətlik yunan filosofu Heraklit müəllim ona görə söyləmişdi ki, bir çayda iki dəfə çimə bilməzsiniz. Yəni, sən sudan çıxıb təkrar kəllə vurduğun çay artıq başqa çaydır, sən çimən çay axıb getmişdir. (Açığı, mənim qənaətimə görə bu ehkam, paradoks Xəzər dənizinə də aiddir, çünki biz hər yay onun sahilinə gedəndə artıq başqa dənizə rast gəlirik, köhnə Xəzər balacalaşmaqdadır).
Ta söhbət açılıb, birini də yazaq, hələlik yerimiz var: “Sən çayın qırağında uzun müddət gözləsən, düşmənlərinin meyitlərinin axıb getdiyini görəcəksən”. Yəni, deyir səbrli ol, tələsmə, hər şeyin zamana ehtiyacı vardır.
Sözümün canı budur ki, indiki futbol üzrə dünya çempionatı bizdən ötrü əcaib bir vaxt rejimində keçir. Oyunun biri axşam 21:00-da, başqası gecə saat 3-də olur. Türkiyənin uduzmağını səhər saat 8-də müşahidə elədik, yuxusuzluqdan gözümüz çıxa-çıxa. (Şəxsən mən gecə saat 4-5-də Braziliya-Mərakeş oyununa baxmışdım). Səhər 8-də adam uzağı xaş yeyər, ta futbola baxmaq nədir? Kənd yerində bunun yaxşı məsəli var: “ala qancıq tayadan düşməmiş”.
Elə oyunun nəticəsi də bizim üçün təxminən “tayadan düşmə” oldu, sevimli komandamız uduzdu. Bu dünya çempionatından başqa nə gözləyəsən? (Türkiyə çox bərbad oyun göstərdi, bunun söhbətimizə dəxli yoxdur). FİFA lotuları pul qazanmaq üçün turnirləri elə “bezrazmer” vəziyyətinə gətiriblər ki, artıq maraqsız dünya çempionatı yaranıb.
Yeri gəlmişkən, mən ilk dəfə futbolda tətbiq edilən qaydalardan xəbərsiz idim, ona görə hansısa oyunda hakim su fasiləsi elan edəndə heyrətə gəldim. Sən demə hər 22 dəqiqədə 3 dəqiqəlik belə fasilə edirlər. De fakto 90 dəqiqəlik oyun 4 hissəyə parçalanıb, 1 böyük, 2 kiçik fasilə olmaqla. Oyunun tempi düşür, ara qarışır, məssəb itir... Əlbəttə, bunlar FİFA müdiri İnfantinonun nə vecinə? Pul gəlsin.
Ancaq təəccübüm oyunçuların “çay dəsgahı” ilə bitmədi, onlar stadionun kənarına çıxanda qəfildən qazondan krantlar qalxdı, ədəb-ərkanla meydan sulanmağa başlandı! Oyun gedərkən otluğun sulanmağını da ilk dəfə görürdüm! Sən də deyirsən 6 iyun belə getdi, şənbə Novruza düşdü, nə bilim, evləndilər, axırda boşandılar... Növbəti yeniliklər sırasında VİP-azarkeşlərin cərimə meydançasında oyun gedərkən piknik keçirmək hüququna hazır olmalıyıq.
Nəhayət, bu əndrəbadi çempionat məncə dünyanın yastı olmağını iddia edənlərə inkarsız bir cavabdır: əgər Yer kürə şəklində deyilsə, niyə Mexikoda səhər saat 9 olanda, bizdə axşam saat 8 olur? Axı sizin “məntiqlə” Günəş bu hamar zadın hər yerinə təxminən eyni bucaqla işıq salmalıdır. Buyurun, yastıplanetlilər, izah edin.
Zamin HACI