Medianews.az
"Qeybət olmasın, o biri diktorlar televiziyadan ev də, bağ da, fəxri adlar da, təqaüdlər də aldılar, mənim arzularım ürəyimdə qaldı"
903 baxış

"Qeybət olmasın, o biri diktorlar televiziyadan ev də, bağ da, fəxri adlar da, təqaüdlər də aldılar, mənim arzularım ürəyimdə qaldı" ÖZƏL AÇIQLAMA

"Çox arzularım ürəyimdə qalıb. Onları sadalamaq istəmirəm. Mən televiziyadan heç nə qazanmadım. Qeybət olmasın, o biri diktorların halal xoşları olsun. Onlar qazandılar, ev də, bağ da, fəxri adlar da aldılar, üstəlik Prezident təqaüdü və mükafatlarına layiq görüldülər. Məni bilmirəm niyə görə diqqətdən kənarda saxladılar? Bəlkə ögeyəm, bilmirəm?! Mən şikayət etmirəm. Şükür olsun Allahımıza. Allah məni dolandırır. Amma mən heç yerdə işləmirəm. Pensiyadan başqa heç yandan da pul almıram"

Bunu Medianews.az-a açıqlamasında tanınmış diktor, əməkdar artist Tamilla Ələkbərova deyib.

 

O daha sonra çalışdığı sonuncu iş yerindən danışıb:

"Düz 5 il "Çaşıoğlu" şirkətlər qrupu mənimlə müqavilə bağlamışdı. Onlar məni dəvət edib dedilər ki, Tamilla xanım, 3 diktorun səsini biz Təhsil Nazirliyinə təqdim etmişik. O vaxt Təhsil Naziri Misir Mərdanov idi. Misir müəllim də o səsləri aparıb Ulu Öndər Heydər Əliyevə dinlətdirib, o da mənim səsimi seçib. Allah ona qəni-qəni rəhmət etsin. 1-ci sinifdən 11-ci sinfə qədər hansı fənlər var idisə onları audiovizual formada disklərə yazdırdılar. 5 il o kitabların hamısının səhifələrini mənim səsimlə audiovizual formada dinlədilər. Tarixi də, ədəbiyyatı da, təbiət kitablarını da. 5 ildən sonra müqaviləmiz bitdi. Ondan sonra mən heç yanda işləməmişəm.

Ulu Öndər Heydər Əliyev xəstə olanda onu Bakıdan apardılar. O Bakıdan getmədən öncə gəlib bizimlə görüşdü. Özü də adbaad dedi ki, "mən istəyirəm görüşdə Tamilla xanım, Roza xanım, Həqiqət xanım, Şərqiyyə xanım olsun". Bizi çox istəyirdi. Sanki sağollaşmaq istəyirdi. O əgər qayıtsaydı mən çox şey qazanardım. O xəstə olanda məni sədrimiz Nizami Xudiyev evdən dəvət etdi və dedi ki, "Tamilla xanım, Heydər Əliyev sizin səsinizi bəyənir, mən istərdim ki, millətə Ulu Öndərin səhhəti barədə məlumatı məhz siz verəsiz". Sədrimiz idi. nazir idi yanında oturmuşdu və bir də mən. Onlar mənə gələn faksı diktə edirdilər, mən əlyazması ilə yazıb, hər yarım saatdan bir çıxıb efirdə oxuyub, məlumat verirdim. Gecə saat 3, 4-ə qədər. Siz indi özünüz nəticələr çıxarın, nədən mən narazıyam, nələr qazana bilməmişəm? Amma eybi yox, mən harasa gedəndə, bir məclisdə olanda, küçədə gəzəndə camaat məni dövrəyə alır, qucaqlayıb öpür, həsrət çəkir ki, bir də mən efirə çıxım".

Əli Əsgər
Medianews.az

Bizə qoşulun