“Mən avtobusdan istifadə edirəm. Ona görə ki, maşın almağa imkanım yoxdur. Milli Konservatoriyada müəllim işləyirəm. “Əməkdar müəllim” fəxri adım var. Amma müəllimin nə qədər məvacib aldığını da yəqin ki, bilirsiz. Bu maaşla yalnız dolana bilirik. Xanımım, oğlum bir az xəstədir, özüm də şəkərəm. Dərman pullarımızı güclə çatdırırıq. Mən avtobusla getməkdən nə utanmıram, nə də sıxılmıram. Əksinə, mənim üçün daha da xoşdur. 5-10 nəfər də görür, hal-əhval tuturlar".
Bunu Medianews.az-a açıqlamasında xanəndə, Əməkdar müəllim Qəzənfər Abbasov deyib. O daha sonra digər sənət yoldaşlarından hər zaman diqqət gördüyünü bildirib:

“Nə qədər tələbələrim, sənət yoldaşlarım var. Hamısının da avtomobili var. Sağlıqlarına qismət. Onlar məni yolda görüb maşını saxlayırlar, hara gedirəmsə aparıb düşürürlər. Hər zaman mənə böyük hörmətlə yanaşırlar. Başda Mənsum İbrahimov olmaqla, hər kəs mənim qulluğumda dayanır. O barədə sıxılmıram. Hətta elələri var ki, deyir müəllim səhər də gəlib gətirim, axşam da evə aparım. Təkcə mənim tələbələrim yox, bütün müəllimlərin tələbələrindən bu diqqəti və dəstəyi görürəm. Sağ olsunlar, hamısı hörmət edir” deyə sənətkar bildirib.
Qəzənfər Abbasov muğamın qədim köklərindən də danışıb:

“Tariyel Azərtürkün araşdırmaları var ki, qədim Mesopotomiyada daş lövhənin üzərində yazılıb ki, “muğam varsa, qəzəl də var”. Bu hələ bizim eramızdan 4 min əvvəl olub. Aşıq sənətinin tarixi də məlum deyil. Aşıq sənəti də, muğam sənəti də böyük sənətdir və bu sənətlər ikisi də paralel inkişaf edib. Dünya musiqisi muğam üzərində köklənib. Mənim Türkiyədə, İranda, Avropada və bir çox xarici ölkələrdə tələbələrim var. Arzulayıram ki, gənclər muğamımızın köklərini unutmasınlar, onu olduğu kimi sevdirsinlər” deyə sənətkar bildirib.