Medianews.az
“Avroviziya 2026”:
877 baxış

“Avroviziya 2026”: Yenilik var

“Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsində iştirakını təsdiqləyən ölkələrin sayı 26-ya yüksəlib: Albaniya, Almaniya, Avstraliya, Avstriya, Azərbaycan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Fransa, Xorvatiya, İsveç, İsveçrə, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Monteneqro, Norveç, Portuqaliya, San Marino, Serbiya, Ukrayna, Yunanıstan.

Medianews.az xəbər verir ki, Avstriyanın paytaxtı Vyananın ev sahibliyi edəcəyi yarışın birinci yarımfinalı mayın 12-nə, ikinci yarımfinalı 14-nə, finalı 16-na təyin olunub.

1956-cı ildən keçirilən “Avroviziya” yarışması ictimai teleradioları cəmləyən Avropa Yayım Birliyinin layihəsidir. Bir neçə ölkənin “Avroviziya 2026”da iştirakı sual altındadır. İsrailin yarışa buraxılmaması tələbi qoyanlar, tərəddüd keçirənlər var. Bu məsələ ilə bağlı qərarın dekabr ayında qəbul olunması gözlənir.

2023-cü il oktyabrın 7-də Fələstinin Qəzza bölgəsindən İsrail ərazilərinə hərbi müdaxilə edilib, ardınca böyük savaş başlayıb, Qəzzanın böyük hissəsi tam dağıdılıb. Dünya ictimaiyyətinin bir hissəsi fələstinlilərin soyqırımına məruz qoyulduğunu iddia edir.

2025-ci il oktyabrın 13-də ABŞ, Türkiyə, Qətər və Misirin vasitəçiliyi ilə əldə olunmuş sülh razılaşması Qəzzada müharibənin dayanmasını nəzərdə tutur.

69 dəfə keçirilmiş “Avroviziya” müsabiqəsində İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, İsveçrə, Danimarka, İtaliya, Avstriya, Norveç və Ukrayna 3, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan və Portuqaliya 1 dəfə qalib gəlib.

1969-cu ildə qələbə dörd ölkəyə (Böyük Britaniya, Fransa, İspaniya və Niderland) verilib, buna görə yarışın 72 qalibi var.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun