Medianews.az
Evsiz idi, oğurluq etdi:
87 baxış

Evsiz idi, oğurluq etdi: İndi milyonlarla dollar sərvəti var

Məşhur amerikalı müğənni Jevel Kilşer keçmişi ilə bağlı səmimi etirafları ilə yenidən gündəmə gəlib.

Milyonlarla dollar sərvətə və beynəlxalq şöhrətə sahib olan sənətçi, bu günkü uğurunun arxasında olduqca çətin və travmatik bir həyat yolunun dayandığını bildirib.

Jevel Kilşer uşaqlıq illərinin ağır keçdiyini, anasının onu erkən yaşda tərk etdiyini və atasının zorakılığı ilə üz-üzə qaldığını deyib. Alyaskada böyüyən müğənni ailə problemləri və yoxsulluq səbəbindən gənc yaşda evsiz qalmaq məcburiyyətində qaldığını, bir müddət avtomobilində yaşadığını etiraf edib. Sənətçi həmin dövrü xatırlayaraq, həm fiziki, həm də psixoloji çətinliklər yaşadığını, hətta sağ qalmaq üçün oğurluq etməyə məcbur qaldığını bildirib. Onun sözlərinə görə, bu vəziyyət bir müddət sonra nəzarətdən çıxan bir asılılığa çevrilmişdi.

Jevel Kilşer müsahibəsində həyatının ən kritik anlarından birini də bölüşüb: "Güzgüyə baxdım və ya həbsə düşəcəyimi, ya da öləcəyimi düşündüm". Bu an onun həyatında dönüş nöqtəsi olub.

Daha sonra o, həyatını dəyişmək qərarı verərək musiqiyə yönəlib. Gənclik illərində qazandığı vokal və gitara təhsili ilə San Dieqoda kiçik məkanlarda çıxış etməyə başlayıb. Qısa müddət sonra isə istedadı diqqət çəkib və böyük səsyazma şirkəti ilə müqavilə imzalayıb.

1995-ci ildə çıxardığı “Pieces of You” albomu böyük uğur qazanaraq milyonlarla satılıb və onu dünya şöhrətli sənətçilər sırasına çıxarıb. Sonrakı illərdə bir neçə dəfə “Grammy” mükafatına namizəd olan Jevel Kilşer həm də yazıçı kimi fəaliyyət göstərərək yaşadıqlarını kitabında qələmə alıb.

Bu gün isə o, həm musiqi, həm də incəsənət fəaliyyətini davam etdirir və keçmişdə yaşadığı çətinlikləri gizlətmədən paylaşaraq gənclərə ilham verməyə davam edir.//Demokrat.az

Bizə qoşulun